"Atletiko Madrid" klubu "Barselona"nı İspaniya Kral Futbol Federasiyasına (RFEF) rəsmi şəkildə şikayət edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Məlumata görə, Madrid təmsilçisi "Barselona"nı hücumçu Xulian Alvaresi transfer etməyə çalışarkən qeyri-etik davranış nümayiş etdirməkdə ittiham edir.
26 yaşlı argentinalı futbolçunun "Atletiko Madrid"lə müqaviləsi 2030-cu ilədək qüvvədə olsa da, onun adı son vaxtlar La Liqada ən çox müzakirə olunan transfer mövzularından birinə çevrilib.
Bildirilir ki, futbolçu hələ Klublararası Dünya Çempionatı zamanı "Atletiko Madrid"dən ayrılmaq istədiyini açıq şəkildə bəyan edib.
May ayında "Barselona"nın mümkün transferi müzakirə etdiyi və Xulian Alvares üçün təxminən 100 milyon avro təklif etməyi planlaşdırdığı qeyd olunur.
Buna cavab olaraq "Atletiko Madrid" sosial şəbəkə hesablarında yayılan xəbərlərə inanmamağa çağıran istehzalı paylaşım edib.
Mübahisələrə baxmayaraq, "Barselona"nın futbolçuya marağının davam etdiyi və klubun yeni təklif hazırladığı bildirilir. Kataloniya təmsilçisi təqdim olunan şikayətə apellyasiya qaydasında cavab verməyi planlaşdırır.
Məlumata görə, avqustun 10-u bu məsələdə həlledici tarix hesab olunur. Həmin gün Xulian Alvaresin "Atletiko Madrid"in mövsümöncəsi hazırlıq prosesinə qoşulması gözlənilir. Onun komandaya qayıdışı futbolçunun gələcəyi ilə bağlı mövqeyinə aydınlıq gətirə bilər.