Nüvə təhlükəsizliyi sahəsində çalışan mütəxəssislər və kimyaçılar müəyyən ediblər ki, Konqo Demokratik Respublikasında (KDR) kobalt filizinin hasilatı zamanı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) və digər aidiyyəti qurumların monitorinq sistemlərindən kənarda 2-5 min tona yaxın uran dünya bazarına daxil ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Viskonsin Universitetinin mətbuat xidməti məlumat yayıb.
Universitetin dosenti Sebastyan Filippe bildirib ki, araşdırma uranın KDR-dən qəsdən çıxarıldığını iddia etmir, lakin bu həcmdə bəyan edilməmiş uranın mövcudluğu ciddi narahatlıq doğurur.
"Başa düşmək vacibdir ki, tədqiqatımız uranın KDR-dən qəsdən çıxarıldığını iddia etmir. Lakin bəyan edilməmiş uranın ümumi həcmi kifayət qədər böyükdür. Bu miqdar təxminən 600 nüvə başlığının hazırlanmasına və ya adi yüngül sulu nüvə reaktorunun 25 il ərzində yanacaqla təmin edilməsinə kifayət edə bilər", - deyə Sebastyan Filippe qeyd edib.
Məlumata görə, bu nəticə son 25 ildə KDR-in cənub bölgələrində kobalt filizinin hasilatının nəticələrinin araşdırılması zamanı əldə olunub.
Alimlər bildiriblər ki, litium-ion akkumulyatorlarına tələbatın artması ilə əlaqədar son illərdə Afrikanın ekvatorial bölgələrində kobalt hasilatı da əhəmiyyətli dərəcədə sürətlənib.
Tədqiqatçıların sözlərinə görə, KDR-dəki bir çox kobalt yataqları XX əsrin ortalarında ABŞ-nin ilk atom bombalarının hazırlanmasında istifadə edilən məşhur uran yataqlarının yerləşdiyi ərazilərdə və ya onlara yaxın zonalarda yerləşir.
Hazırda KDR-də uran rəsmi şəkildə hasil edilmir. Bununla belə, alimlər hesab edirlər ki, uran nəzəri baxımdan kobalt filizi və ya onun emal məhsulları ilə birlikdə dünya bazarına çıxarıla bilər.