Portuqaliyada çərşənbə günü ölkəni bürüyən "Şarl" fırtınası səbəbindən 200-dən çox aviareys ləğv edilib. Güclü yağış və küləklə müşayiət olunan fırtına nəticəsində məktəblər, yüzlərlə supermarket və digər müəssisələr də fəaliyyətini dayandırıb.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, fırtına ilkin proqnozlarda gözləniləndən zəif olsa da, hökumət qabaqlayıcı tədbirlər görüb.
Yanvar və fevral aylarında baş verən bir sıra fırtınalara hakimiyyətin gec reaksiya verməsi ilə bağlı tənqidlərdən sonra bütün fövqəladə xidmətlər və ordu bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib. Məktəblərdə dərslər dayandırılıb, ikinci dərəcəli dövlət müəssisələri bağlanıb, sakinlərə isə evdə qalmaq tövsiyə olunub.
Portuqaliyanın Dəniz və Atmosfer İnstitutunun (IPMA) məlumatına görə, Atlantik okeanı üzərindəki siklon iki hissəyə bölünüb. Bu, onun ölkənin cənubundakı Alqarve bölgəsinə çatmazdan əvvəl zəifləməsinə səbəb olub. Axşam saatlarına qədər fırtınanın Portuqaliyanın cənubunun böyük hissəsini və Lissabon bölgəsini əhatə edəcəyi gözlənilirdi.
Mülki Müdafiə İdarəsinin rəhbəri Mario Silvestrenin sözlərinə görə, qəfil daşqınlar, güclü külək və hündür dalğalar təhlükəsi səbəbindən hakimiyyət yüksək hazırlıq səviyyəsini qoruyub saxlayır.
Onun bildirdiyinə görə, gecə yarısından etibarən fövqəladə xidmətlər 538 hadisə qeydə alıblar.