Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İsrail İranın iki qırıcısını məhv etdiyini açıqlayıb
İsrail Müdafiə Qüvvələri (SAXAL) Tehran hava limanında İsrail Hərbi Hava Qüvvələrinin qarşısını almaq üçün nəzərdə tutulmuş iki F-14 qırıcısının məhv edildiyi kadrları paylaşıb.
Oxu.Az xəbər verir ki, İsrail ordusu bu görüntüləri sosial şəbəkələrdə nümayiş etdirib.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri bir qrup iranlı hərbçini məhv edərək, İrandan İsrailə doğru pilotsuz uçuş aparatları buraxmaq cəhdinin qarşısını alıb.
İranın "Press TV" agentliyinin məlumatına görə isə, İsrail tərəfindən məhv edilən İranın F-14 qırıcıları Mehrabad hava limanında xüsusi olaraq quraşdırılmış maketlər olub.
İsrail ordusunun İran dövlət televiziyasına zərbələr endirdiyi açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə İranın Radio və Televiziya Korporasiyası (IRIB) məlumat yayıb.
Məlumata görə, paytaxt Tehrandakı şirkət binası İsrail tərəfindən hədəf alınıb. Hücum dövlət televiziyasında veriliş yayımı zamanı baş verib. Zərbə studiyaya ciddi ziyan vurub.

İsrailin zərbələri nəticəsində İranda yaralananların sayı məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyindən açıqlama verilib.
Məlumata görə, İsrailin İrana endirdiyi zərbələr nəticəsində bugünədək azı 1 800 nəfər xəsarət alıb.
İsrail İranın paytaxtı Tehranın qərb hissəsindəki hərbi qarnizona hücum edib.
Oxu.Az bu barədə "Fars" agentliyinə istinadla xəbər verir.
Dağıntılar və xəsarət alanlar barədə hələ ki məlumat verilmir.
İsrail Hərbi Hava Qüvvələri İranın Təbriz şəhərindəki beynəlxalq hava limanına və ona bitişik ərazilərə zərbə endirməyə cəhd edib, lakin İranın hava hücumundan müdafiə sistemləri onu uğurla dəf edib.
Oxu.Az bu barədə "NourNews" agentliyinə istinadla xəbər verir.
Agentlik qeyd edir ki, hazırda şəhərdə vəziyyət sakitdir, tamamilə hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.
İsrail Hərbi Hava Qüvvələri İranın mərkəzinə yenidən hava zərbələri endirməyə başlayıb.
Oxu.Az bu barədə "The Times of Israel"ə istinadən xəbər verir.
Nəşr bildirir ki, İsrail Müdafiə Ordusu zərbələrin təfərrüatı barədə daha sonra məlumat təqdim edəcək.
İsrail Müdafiə Ordusu (SAXAL) iddia edir ki, İranın sahib olduğu raket buraxılış qurğularının üçdə birini məhv edib.
Bu barədə Oxu.Az SAXAL-ın Mətbuat Xidmətinə istinadla xəbər verir.
Məlumata görə, əməliyyat başlayandan bəri 120-dən çox raket buraxılış qurğusu məhv edilib, bu da İranın buraxılış qurğularının ümumi sayının üçdə birini təşkil edir.
Bundan əlavə, İsrail ordusu gecə saatlarında İrandan 65 raket və onlarla dronun buraxıldığını təsbit edib və onların əksəriyyəti vurulub.
"Tasnim" agentliyinin məlumatına görə, İsrail İranın Musian şəhərində yanğınsöndürmə məntəqəsinin binasına hücum edib.
"Fars" agentliyi isə xəbər verir ki, İsrailin raket hücumu nəticəsində İranın Kirmanşah şəhərindəki xəstəxana zərər görüb, bir neçə nəfər yaralanıb.
İsrail Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri İranın səkkiz pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bu barədə Oxu.Az İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidmətinə istinadla xəbər verir.
Bildirilir ki, dronlar ilk dəfə "Barak Maqen" hava hücumundan müdafiə sistemindən və LRAD uzaqmənzilli raketdən istifadə edilməklə vurulub.
Əməliyyat başlayandan bu günə kimi isə İsrail HDQ İranın 25 PUA-sını məhv edib.
İranın hava hücumundan müdafiə sistemləri isə öz növbəsində ölkənin nüvə obyektinin yerləşdiyi Natanz üzərində İsrailin hədəflərini məhv edib.
Məlumata görə, hava hücumundan müdafiə qüvvələri gecə saat 01:00-dən səhər saatlarına qədər İsrailin hücumunu dəf edib.
Qeyd edək ki, bu, İsrailin bu obyektə ilk hücumu deyil.
İyunun 16-da səhər saatlarında İsrail İranın Kirmanşahdakı hədəflərinə növbəti dəfə hava zərbəsi endirib.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.
Raketlərin dəqiq hədəfinin hara olduğu hələ ki, bəlli deyil.
İsrail Müdafiə Ordusu (SAXAL) İranın ölkə ərazisinə son zərbəsinə cavab olaraq, Tehran yaxınlığında yerləşən raket buraxılış qurğusunu məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın yaydığı məlumatda deyilir.
"Cavab tədbirləri çərçivəsində İsrail Hərbi Hava Qüvvələri "yer-hava" tipli raket buraxılış qurğusunu aşkarlayaraq məhv edib. İran hərbçiləri buraxılış qurğusu ilə birlikdə məhv edilib", - deyə məlumatda bildirilir.