İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında HƏMAS-a məxsus iki silah anbarına zərbələr endirdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.
Açıqlamada qeyd olunub ki, SAXAL Qəzza zolağının Əş-Şati və Deyr əl-Bəlah rayonlarına dəqiq zərbələr endirib. Ordunun məlumatına görə, HƏMAS-a məxsus iki silah anbarında avtomatlar, döyüş sursatı və hərbi avadanlıq saxlanılıb.
Bildirilib ki, Qəzza zolağındakı iki məsciddə yerləşən bu anbarlardan HƏMAS üzvləri silahların gizlədilməsi və saxlanılması üçün istifadə ediblər.
İsrail ordusu bunu HƏMAS-ın beynəlxalq hüququ pozaraq məscidlər də daxil olmaqla, mülki infrastrukturu hərbi məqsədlər üçün istifadəsinin daha bir nümunəsi kimi qiymətləndirib.
Hərbçilərin sözlərinə görə, zərbələrdən əvvəl mümkün zərəri minimuma endirmək məqsədilə əhali xəbərdar edilib. Həmçinin əlavə ehtiyat tədbirləri çərçivəsində yüksək dəqiqlikli döyüş sursatından istifadə olunub və havadan müşahidə aparılıb.