İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus Küveyt və Bəhreyndə yerləşən hərbi infrastruktur obyektlərinə silsilə zərbələr endirdiyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-a istinadən məlumat yayıb.
Məlumata görə, hücum pilotsuz uçuş aparatları (PUA) və raketlərdən istifadə edilməklə üç mərhələdə həyata keçirilib.
SEPAH-ın bəyanatında bildirilib ki, ilk mərhələdə Bəhreyndə yerləşən Əs-Səxir hava limanında ABŞ hərbi bölmələrinin pilotsuz uçuş aparatlarının saxlanıldığı və onlara texniki xidmət göstərildiyi anqarlar hədəfə alınıb.
İkinci mərhələdə isə Bəhreyndəki Salman limanında yerləşən TF59 əməliyyat qrupuna məxsus katerlərin saxlanıldığı hazırlıq anqarlarına zərbə endirildiyi iddia olunub.
Bəyanata əsasən, üçüncü mərhələdə Küveytdə yerləşən Ərifcan hərbi bazasında dəniz xüsusi təyinatlılarının yerləşdirilməsi, təminatı və təchizatı üçün istifadə olunan anqarlar vurulub.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada ABŞ-nin böyük taktiki döyüş aviasiyası qrupunun yerləşdiyi "Muvaffaq Salti" aviabazasından yerləşən obyektlərə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə IRIB dövlət teleşirkəti SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən hücum nəticəsində təyyarələr üçün nəzərdə tutulmuş bir neçə anqar məhv edilib.
"Press TV" telekanalının məlumatına görə, bundan əvvəl SEPAH İordaniyanın cənubundakı Əqəbə şəhərindəki aerodromu hədəfə alaraq, "P-8A" kəşfiyyat təyyarəsini və "C-17" ağır nəqliyyat təyyarəsini məhv etdiyini bildirmişdi.
SEPAH Küveytdə ABŞ tərəfindən istifadə edilən "Əli Əs-Salim" bazasındakı obyektlərə də raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini açıqlayıb. SEPAH-ın bəyanatına görə, PUA hücumu nəticəsində xüsusilə radiolokasiya aşkarlama sistemi məhv edilib. Həmçinin aviasiya avadanlıqları anbarına və ABŞ-yə məxsus "MQ-9" dronlarının yerləşdirildiyi anqara zərbələr endirilib ki, bunun nəticəsində bir neçə PUA alışıb.
Bir müddət əvvəl İranın Mehr agentliyi SEPAH-a istinadən xəbər verib ki, korpusun qüvvələri İranın qərbindəki Kirmanşah əyalətinin İslamabad Qərb şəhəri üzərində ABŞ-nin "MQ-9" kəşfiyyat-zərbə dronunu vurub, eləcə də İordaniyadakı hərbi bazada ABŞ-nin "P-8A" kəşfiyyat təyyarəsini və bir helikopterini məhv edib.