Şimali Koreyanın dövlət təhlükəsizliyi naziri Kim Von Hon vəzifəsindən azad edilib. O, korrupsiya və vəzifəsindən sui-istifadədə ittiham edilir.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya hakimiyyəti məlumat yayıb.
Məlumata görə, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın yaxınlarından hesab edilən Kim Von Hon hələ yanvarda vəzifəsindən azad edilib. Həmçinin Dövlət Təhlükəsizliyi Nazirliyinin əməkdaşlarının dindirmə zamanı işgəncələrə yol verdikləri barədə məlumat yayılmışdı. Phenyan hələlik Kim Von Honun istefasını şərh etmir.
Kim Von Hon dövlət təhlükəsizliyi naziri vəzifəsində 2012-ci ildən çalışırdı və Şimali Koreya hökumətində ən nüfuzlu fiqurlardan hesab edilirdi. Həmçinin onun bir müddət Kim Çen Inın yanında “Regent Şurası”na rəhbərlik etdiyi də məlumdur.
N.О.
www.oxu.az