Şotlandiyada nadir xəstəlikdən əziyyət çəkən bir qadın hər gün təxminən üç litr tər ifraz edir.
Oxu.Az "Unilad" nəşrinə istinadən xəbər verir ki, Darsi Hemiltona şiddətli hiperhidroz diaqnozu qoyulub.
Tibb işçiləri onun vəziyyətini qarşılaşdıqları ən çətin hallardan biri kimi qiymətləndiriblər.
Darsi bildirib ki, problemi ilk dəfə ibtidai sinifdə oxuduğu vaxt yaşıdlarından xeyli çox tərlədiyini görəndə hiss edib. O, vəziyyətini sinif yoldaşlarından gizlətmək üçün məktəbə üç dəst geyim aparırmış. Bundan əlavə, gündə beş dəfə duş qəbul etmək məcburiyyətində qalıb.
Şotlandiyalı qadın məktəbdə davamlı olaraq təzyiqə və zorakılığa məruz qaldığı üçün 14 yaşında məktəbi tərk etməli olub: "Məktəb mənim üçün kabus idi. Məni təhqir edir, çirkli adlandırırdılar. Bu, həyatımda dərin izlər buraxdı".
O bildirib ki, tər qoltuqlarından belinə qədər axır, bədənində ağrılı səpgilər, qabarcıqlar və xoralar əmələ gəlir. Susuzluğunu təmin etmək üçün isə gündə beş litrə qədər su içir.
"Hiperhidroz - yəni həddindən artıq tərləmə çoxları tərəfindən pis gigiyena ilə əlaqələndirilir. Ancaq bu, bir xəstəlikdir və insanlar bununla yaşamağa məcburdurlar", - deyə şotlandiyalı qadın vurğulayıb.