"Rusiya Ermənistanın Avropaya inteqrasiya prosesini maliyyələşdirmək niyyətində deyil və İrəvanın bu istiqamətdə atdığı hər bir addımın obyektiv nəticələri olacaq".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
O vurğulayıb ki, İrəvanın yürütdüyü siyasətdə NATO ilə əməkdaşlığı genişləndirmək cəhdləri, eyni zamanda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) qarşı açıq şəkildə istehlakçı münasibəti müşahidə olunur.
"Rusiya Prezidenti Vladimir Putin məsələyə münasibətimizi tam aydın şəkildə ifadə edib - İrəvan öz siyasi kursunu dəqiqləşdirməli, Avropa İttifaqına (Aİ) daxil olmaq və ya Aİİ-də qalmaqla bağlı referendum keçirməlidir. Xüsusi vurğulamaq istəyirəm: Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyə hazır deyil və bunu etməyəcək. Bu istiqamətdə atılan hər bir addım müvafiq nəticələrə səbəb olacaq", - deyə Şoyqu qeyd edib.
Şoyqu İrəvanın NATO ilə əlaqələri inkişaf etdirmək üçün aşkar səylər göstərdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Ermənistanla bağlı mövcud vəziyyət olduqca xarakterikdir.
"Xatırlatmaq istərdim ki, 1990-cı illərdə Rusiya bu ölkəni iqtisadi və enerji böhranından xilas edib, Aİİ-yə üzv olduğu on il ərzində isə onun iqtisadiyyatı təxminən üç dəfə böyüyüb. Bununla belə, hazırkı hökumət Rusiya ilə əlaqələri qırmaq və Qərblə əməkdaşlığı gücləndirmək yolunu seçib", - deyə Şoyqu bildirib.