Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Spirt axını necə "Şimal axını"na çevrildi?
Qan Turalı yazır...
Rusiya-Ukrayna müharibəsinin ilk ayları... Kiyevdə bir gecə barı... Masada biznesmenlər, ehtiyatda olan və xidmətdə olan zabitlər... Mövzu əlbəttə ki, müharibədir. Rusiyaya necə zərbə vurmaq olar? Müharibədə necə dönüş yaratmaq olar? Söhbətlər bu minvalda davam edir. Spirt isə yağış kimi yağır...
Qəfildən ortaya bir təklif atılır. Təklifi kimin ortaya atdığı bəlkə də heç zaman məlum olmayacaq. Ancaq təklif sadədir: Madam ki, Rusiya büdcəsi Avropaya satılan təbii qaz gəlirləri ilə dolur, o zaman "Şimal axını" qaz kəmərini partlatmaq lazımdır.
Aradan dörd ay keçir - 2022-ci ilin 26 sentyabrıdır. Danimarka seysmoqrafları yeraltı təkanlar, vulkanik püskürmələrə bənzəyən siqnallar alır. Təşviş və narahatlıq başlayır ancaq bir az sonra həqiqət məlum olur, "Şimal axını" kəməri partladılıb. Partlayış nəticəsində dörd xəttin üçü sıradan çıxmış və külli-miqdarda təbii qaz Baltik dənizinə buraxılmışdı. Ortaya çıxan karbon emissiyası Danimarkanın illik karbon emissiyasından daha çox idi.
Bəs günahkar kimdir? Dünya günahkarı axtarır. Rusiyanı ittiham edənlər belə olur. Ancaq Rusiya öz mülkü olan bir kəməri niyə partlatsın ki?! Rusiya ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsini günahlandırır. Rusiyanın xarici işlər naziri də ABŞ-ni ittiham edir. Onların fikrincə, Baltik dənizi ABŞ kəşfiyyatının nəzarəti altındadır. Halbuki, gerçək heç də belə deyildi. Ya da nəzarət çox pis aparılırdı.
Bəs gecə klubundakı görüşlə partlayışın arasından keçən dörd ay ərzində nələr baş vermişdi? Planın iştirakçılarından birinin "dövlət və özəl sektor əməkdaşlığı" şəklində formula etdiyi missiyaya Ukraynanın xidmətdə olan generallarından biri rəhbərlik etmişdi. Plan Ukrayna prezidentinə təqdim edildi və cəmi bir neçə gün sonra prezident Zelenski planı təsdiq etdi. Missiyanın başında dayanan general isə birbaşa şəkildə Ukrayna Silahlı Qüvvələrinin komandanı Zalujniyə tabe idi. Plan son dərəcə məxfi şəkildə həyata keçirilirdi. Konfidensiallığı qorumaq naminə heç bir yazışma aparılmırdı. Bütün prosedurlar, məsləhətləşmələr şifahi şəkildə həyata keçirilirdi. Ancaq görülən tədbirlərə baxmayaraq Niderland hərbi kəşfiyyatı MİVD plandan xəbər tutdu.
Niderland kəşfiyyatının bu uğurunun arxasında acı bir səbəb dayanırdı. Amsterdamdan qalxan Malayziya təyyarəsi Ukraynanın şərqində separatçılar tərəfindən hədəf alınmışdı. Məhz bu hadisədən sonra Niderland kəşfiyyatı Rusiya və Ukrayna daxilində öz işini gücləndirmişdi. Bu səbəbdən MİVD tamamilə məxfi aparılan əməliyyatın hazırlıqları ilə bağlı məlumat əldə edə bilmişdi.
Əlbəttə ki, bu məsələ Niderlandın hərbi kəşfiyyatı MİVD-nin kompetensiyasında olan bir məsələ deyildi. Buna görə də əməliyyatla bağlı dərhal ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinə məlumat verildi. Məsələ müzakirə edildi və Ukrayna prezidentindən bu əməliyyatın dərhal dayandırılması tələb olundu.
Zelenskinin bu əməliyyata nəyə görə icazə verdiyi də məlum deyil. Ola bilsin ki, o hadisənin miqyasını anlamırdı, ya da əməliyyatın tamamilə məxfi şəkildə aparılacağına əmin idi. ABŞ-nin xəbərdarlığından sonra o Silahlı Qüvvələrin komandanı Zalujniyə "Şimal axını"nın partladılması planını ləğv etməyi tapşırdı. Zalujni isə partlayışı təxirə salmaq əvəzinə planı dəyişdirməklə kifayətləndi.
Zelenski və Zalujni arasında ziddiyyətlər çoxdan bəlli idi. Son nəticədə Zelenski onu vəzifədən azad edib Böyük Britaniyaya səfir göndərəcəkdi.
Hazırda Londonda diplomatik toxunulmazlıq altında yaşayan Zalujni medianın sorğusuna cavab olaraq məsələdən məlumatsız olduğunu deyir. Ancaq əməliyyat Zalujninin birbaşa rəhbərliyi altında icra edilmişdi.
Cəmi 300 min dollara başa gələn bu əməliyyatın detalları, Almaniya hüquq-mühafizə orqanlarının apardığı təhqiqatlar barəsində isə növbəti yazıda...
Rəylər