Ukrayna prezidenti Petr Poroşenko Ukrayna hərbçilərinə separatçılara tərəddüd etmədən atəş açma əmrini verib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının mətbuat xidməti bildirib.
“Dövlət başçısı atəşkəsin, kənardan idarə edilən yaraqlıların onu pozması səbəbi ilə təcili ləğv edilməsini istisna etmir”, - mətbuat xidmətinin məlumatında deyilir.
Sülh planı elan olunduğu dövrdən yaraqlılar 35 dəfə Ukrayna hərbçilərinə atəş açıblar, iyun ayının 24-də isə helikopteri vurmaları nəticəsində doqquz adam həlak olub, prezident administrasiyasında bildiriblər.
Poroşenko iyun ayının 25-də Almaniyanın kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək telefon konfransına ümid bağlayır.
Petr Poroşenko ümid edir ki, bu söhbətdən sonra “Rusiya muzdluları tərk-silah edib Ukraynanın ərazisindən geri çağıracaq”, Ukrayna liderinin mətbuat xidmətinin məlumatında deyilir.
Özünü respublika elan edən “Donesk Xalq Respublikası”nın lideri Aleksandr Boroday bəyan edib ki, onun fikrincə, Ukrayna prezidenti tərəfindən elan olunan sülhə riayət etməyin heç bir mənası yox idi.