"Süni intellekt (Sİ) diaqnozun qoyulması zamanı bəzi hallarda dəqiq nəticələr versə də, mürəkkəb xəstəliklər və ya qeyri-tipik vəziyyətlərdə çaşqınlıq yaşayır".
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis, dosent Natalya Sokolova TASS-a müsahibəsində bildirib.
"Təsirli imkanlarına baxmayaraq, neyron şəbəkələr hələlik tibbi məlumatların səhvsiz şərhinə zəmanət verə bilmir. Çatbotlar tipik halların öhdəsindən əminliklə gəlsələr də, mürəkkəb və ya qeyri-tipik vəziyyətlərdə səhvlərə yol verirlər", - deyə o qeyd edib.
Neyron şəbəkələr problemin lokallaşdırılmasında dəqiq ola bilsələr də, xəstəliyin ciddiliyini yanlış qiymətləndirmək və ya təhlükəli tövsiyələr vermək riskləri mövcuddur. Natalya Sokolova vurğulayıb ki, xəstənin tibbi tarixçəsini, şikayətlərini və analiz nəticələrini kompleks şəkildə təhlil edən həkimdən fərqli olaraq, süni intellekt insanın sağlamlığına dair tam mənzərəni görmür.
Ekspertin fikrincə, neyron şəbəkələrdən tibbi terminləri başa düşmək və həkim qəbuluna hazırlaşmaq üçün istifadə etmək olar, lakin müalicə planının tərtibində onlara etibar etmək olmaz. Çatbotlardan analizlərin izahı üçün istifadə etmək mümkün olsa da, alınan cavabları diaqnoz kimi deyil, yalnız istinad məlumatı kimi qəbul etmək vacibdir.