Suriya hakimiyyəti ABŞ-nin Livanın "Hizbullah" hərəkatına qarşı güc tətbiq etmək təklifini rədd edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The National" Suriya prezidentinin müşaviri Əhməd Zidanın açıqlamasına istinadən məlumat yayıb.
"ABŞ Suriyanın Livandakı vəziyyətə müdaxilə etməsini təklif etdi. Suriya dövləti hərbi müdaxilədə maraqlı deyil. Bəzi beynəlxalq oyunçular hərbi yanaşmaya əl ata bilərlər, amma belə gedişlər bölgədə heç bir nəticə vermədiyini artıq göstərib", - deyə o qeyd edib.
Zidanın sözlərinə görə, Suriya tərəfi Livan dövlətinin öz rəsmi qurumlarını möhkəmləndirmək səylərini dəstəkləyir, lakin xarici hərbi müdaxilənin əleyhinədir.
Məqalədə o da vurğulanıb ki, bir müddət öncə Suriya Prezidenti Əhməd əş-Şaraanın Vaşinqtona mümkün səfəri müzakirə olunurdu və orada Suriyanın Livandakı vəziyyətdə rolu barədə söhbət gedə bilərdi. Lakin ABŞ tərəfi sonradan belə bir səfərin hazırda gündəmdə olmadığını bildirib.
Qeyd edək ki, keçmişdə də mediada Birləşmiş Ştatların Livan probleminin həlli prosesinə Suriyanı qatmaq istədiyi barədə xəbərlər dolaşsa da, sonradan bu iddialar rəsmi səviyyədə təkzib edilmişdi.