Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Suriya yeni pul vahidinə keçəcək
Suriyada hakimiyyətə gələn müxalif "Həyat Təhrir əş-Şam" qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Culani ölkəni necə idarə edəcəklərindən danışıb.
Oxu.Az-ın "Sondakika.com"a istinadən xəbərinə görə, o bu barədə "AlarabyTV"yə müsahibəsində məlumat verib.
Əl-Culani bildirib ki, cari valyutanın sabitləşməsindən sonra yeni pul vahidinə keçiləcək.
"Çox əhəmiyyətli iqtisadi qərarlar veriləcək", - deyə o qeyd edib.
"Dağılmış evlərin inşası və son mühacirə qədər bütün qaçqınların geri qaytarılması prioritet məsələlərdəndir", - deyə əl-Culani əlavə edib.
Qeyd edək ki, Əbu Məhəmməd əl-Culani, həmçinin ölkədə məcburi hərbi xidmətin ləğv edildiyini də deyib. Onun sözlərinə görə, ölkədəki bütün qruplaşmalar buraxılacaq, silahlar isə ancaq Suriya dövlətinin əlində qalacaq.
Xatırladaq ki, noyabrın sonunda silahlı müxalifət qruplaşmaları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də onlar Hələb, Həma, Dəraa və Homs bölgələrini ələ keçiriblər.
Dekabrın 8-də hökumət əleyhinə qüvvələr Dəməşqə daxil olaraq prezident Bəşər Əsədin devrildiyini elan ediblər. Əsəd istefa verib və ailə üzvləri ilə birlikdə Rusiyadan sığınacaq alaraq ölkəni tərk edib. Müvəqqəti hökumətin başına Məhəmməd əl-Bəşir keçib və o, 2025-ci il martın 1-dək baş nazir vəzifəsini icra edəcək.
Rəylər