Meqastar Tarkan Soma faciəsi baş verəndən 5 saat sonra başlayan konsertini təxirə salmadığına görə qınaq obyektinə tutulub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yağışa görə konsertini təxirə salan Tarkanın Soma faciəsinə laqeyd qalmağı insanların narazılığına səbəb olub. Meqastar ona ünvanlanan sözlərə sosial şəbəkədə belə cavab verib:
“Soma faciəsi haqqında dünən konsertdən sonra xəbərim olub. Orada baş verən ağır qəzaya görə çox pis oldum. Faciədə həyatını itirən insanların ailələrinə səbir və başsağlığı arzu edirəm. İnsan həyatına və əməyinə az önəm verildiyi ölkəmizdə çətin şəraitdə çalışanların həyatlarının sığortalanmamasını qınayıram. Faciədən sonra möcüzə gözləməkdənsə, belə qəzalara qarşı tədbir görülməlidir”.
Xatırladaq ki, ötən gün Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə partlayış baş verib, nəticədə şaxta uçub. Faciə zamanı 282 işçi həyatını itirib, 83 nəfərdən isə hələlik heç bir xəbər yoxdur. Faciə ilə əlaqədar Türkiyədə üç günlük matəm elan olunub.