Tayvan hökuməti "Bavi" supertayfununun yaxınlaşması ilə əlaqədar bir sıra böyük şəhər və əyalətlərdə məktəblərin və dövlət idarələrinin fəaliyyətini dayandırıb.
Oxu.Az "Focus Taiwan" nəşrinə istinadən bildirir ki, məhdudiyyət Taybey, Yeni Taybey, Cilun, Taoyuan, Sinçu, Tayçun şəhərləri, eləcə də adanın şimal, şimal-şərq və şərqindəki əyalətlərə aiddir.
Tayvanın Meteorologiya Xidmətinin açıqlamasına görə, tayfunun mərkəzi iyulun 10-da səhər saatlarında adadan 700 km cənub-şərqdə olub və 25 km/saat sürətlə şimal-qərbə hərəkət edir. Fırtınanın radiusu 380 km-dir. Onun təsiri cümə axşamından bazar gününədək hiss olunacaq.
"Bavi" özü ilə saniyədə 50 metrə çatan güclü küləklər gətirir. Sinoptiklərin proqnozlarına əsasən, şimaldakı dağlıq zonalar 900 millimetrə qədər, düzənlik sahələr isə 500-700 millimetr miqdarında yağıntı alacaq. İlan, Hualyan, Taydun və Pindun sahilboyu ərazilərində dalğaların hündürlüyünün 6 metri keçəcəyi proqnozlaşdırılır. Bu təhlükəyə görə bütün dəniz nəqliyyat vasitələrinə limanı tərk etməmək barədə xəbərdarlıq olunub.