Kiyevin Avropadakı tərəfdaşları onu maliyyələşdirmək imkanları tapmasalar, Ukraynanın pulları 2026-cı ilin fevralında tükənəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "The Economist" jurnalı yazıb.
"Ukrayna kəskin vəsait çatışmazlığı ilə üzləşir. Əgər vəziyyət dəyişməsə, fevralın sonuna kimi onun pulu tükənəcək. O, sürətlə uçurumun kənarına yaxınlaşır", - deyə məqalədə qeyd olunur.
Nəşrin hesablamalarına görə, Ukraynanın münaqişənin başlanmasından bəri müdafiə büdcəsində əks olunmuş hərbi xərcləri, üstəgəl Qərb silahlarının təchizatı və hərbi qrantlar 2025-ci ilin sonuna qədər təxminən 360 milyard dollar təşkil edəcək. Təkcə 2025-ci ildə döyüş əməliyyatlarının aparılması xərcləri 100-110 milyard dollar olacaq ki, bu da rekord məbləğdir və Ukraynanın ümumi daxili məhsulunun yarısına bərabərdir.
"The Economist" diqqəti belə bir məsələyə cəlb edib ki, Kiyevin üç maliyyələşdirmə mənbəyindən ikisi - Vaşinqtondan gələn vəsait və daxili borc tədricən tükənir. Nəşr belə nəticəyə gəlir ki, vəsait əldə etmək üçün sonuncu mənbə Avropadır və Köhnə dünyanın liderlərini Ukraynanı maliyyə baxımından dəstəkləmək üçün bütün imkanları işə salmağa çağırır. Belə ki, məhz bu cür hərəkətlər sayəsində Avropa üçün Rusiya ilə qarşıdurmada güc tarazlığını dəyişdirmək və Birləşmiş Ştatlardan hərbi və maliyyə müstəqilliyinə nail olmaq "tarixi şans" yaranır.