"Belçika şirkətləri "korporativ maraqları qorumaq" adı altında fəaliyyət göstərərək Konqonun suverenliyini zəiflətdilər".
Oxu.Az xəbər verir ki, bunu Braziliyalı alim Louis Philippe Patrick De Jongh Filho Bakıda "Belçikanın müstəmləkə irsinin yenidən qiymətləndirilməsi" mövzusunda aparılan müzakirə zamanı deyib.
O bildirib ki, Konqonun ilk baş naziri Patrik Lumumbanın Belçikanın nəzarətinə meydan oxumağa çalışmasını hər zaman xatırlamaq lazımdır:
"Buna görə də o devrildi və Belçikanın birbaşa iştirakı ilə qətlə yetirildi. Bu, sübuta yetirilmiş faktdır.
Bu, "intervensiya" adı altında gizlədilmiş yeni müstəmləkəçilik idi - iqtisadi və siyasi vasitələrlə nəzarəti davam etdirən eyni məntiqin yeni forması.
Aradan onilliklər keçdikdən sonra Belçika öz keçmişi ilə açıq şəkildə üzləşməyə başladı, 2002-ci ildə Lumumbanın qətlindəki roluna görə rəsmi şəkildə üzr istədi. 2019-cu ildə qaradərili uşaqların zorla ailələrindən alınmasına görə əfv dilədi.
2020-ci ildə isə Birləşmiş Millətlər Təşkilatının Afrika mənşəli insanlar üzrə ekspertlər qrupunun hesabatının tövsiyəsindən sonra müstəmləkə mirasını araşdırmaq üçün "Həqiqət və Barışıq Komissiyası" yaradıldı.
Lakin bu Komissiyanın işi tam başa çatmadı. O, çox qısa müddətdə fəaliyyət göstərdi, zərərçəkənləri qərarvermədən kənarda saxladı və nə təzminat, nə də sosial bərabərsizlik məsələlərinə toxundu.
2020-ci ildə yaradılmış bu Komissiya nəticə etibarilə elmi biliklər istehsal etdi, amma gücün bölüşdürülməsi ilə məşğul olmadı - yəni "elmi zorakılığın" bir forması kimi fəaliyyət göstərdi.
Eyni zamanda, Belçika cəmiyyəti dərin şəkildə parçalanmış vəziyyətdə qaldı".
Onun sözlərinə görə, bəzi insanlar hələ də müstəmləkəçiliyi "sivilizasiya missiyası" kimi görür, digərləri isə həm maddi, həm də simvolik təzminat tələb edirlər:
"Tədqiqatlar göstərir ki, belçikalılar istismarın real miqyasını anladıqda, təzminat ideyasını dəstəkləməyə daha çox meylli olurlar. Bu da göstərir ki, yaddaşın özü siyasi bir hadisədir.
Beləliklə, bu gün də "dəhşət axını" davam edir - sadəcə indi o, "unutqanlıq siyasəti" formasında mövcuddur.
Nəticəyə gəlincə, bütün bu dəyişikliklər boyu "dəhşət axınını" göstərir. Müstəmləkə hakimiyyəti heç vaxt tam yox olmayıb - sadəcə formasını dəyişib.
Leopoldun kəsilmiş əllərindən missioner məktəblərinə, iqtisadi istismardan yaddaşdakı sükuta qədər - zorakılıq çevrilib, uyğunlaşıb.
O, indi bürokratiyaya, mənəviyyata və unudulmaya çevrilib.
Bu miras bu gün də institutlarda, dərsliklərdə, muzeylərdə və gündəlik bərabərsizliklərdə yaşayır.
Bəli, fiziki qəddarlıq bitib, amma həmin struktur qalır.
Belçikanın üzrxahlıqları və 2020-ci il Həqiqət və Barışıq Komissiyası mühüm addımlar idi, lakin məhdudiyyətlərlə dolu idi. Komissiya konqoluların səsini eşitmədi, təzminat məsələsini kənara qoydu və ədaləti bərpa etmək əvəzinə sadəcə hesabatlar hazırladı.
Bu "dəhşət axınını" dayandırmaq üçün təkcə üzr kifayət etmir, həqiqi ədalət, yaddaşın bərpası və gücün yenidən bölüşdürülməsi lazımdır".
Aygün Mirakif