İranla münaqişə ABŞ-nin raket ehtiyatlarını tükədib. ABŞ Prezidenti Donald Tramp yerli müdafiə şirkətlərinə Avropa İttifaqı və Ukraynada lisenziya əsasında raket istehsalına başlamağı təklif etməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə iyunun 17-də "Bloomberg" agentliyi mənbələrə istinadla yazıb.
Məlumata görə, Tramp administrasiyası Avropa şirkətlərinə lisenziyaların verilməsini müzakirə edəcək. Səbəb Vaşinqtonun İranla qarşıdurma zamanı raket ehtiyatlarının ciddi şəkildə azalmasıdır.
"Müzakirə olunan konkret lisenziyalar iştirakçı ölkələr arasında ətraflı razılaşdırılacaq. Bu, ABŞ şirkətlərinin Avropa istehsalçılarına genişmiqyaslı lisenziyalar verməsini nəzərdə tutur", - deyə "Bloomberg" Almaniya Kansleri Fridrix Mertsə istinadən bildirib.
G7 sammitinin yekun mətbuat konfransında Fransa Prezidenti Emmanuel Makron da təsdiqləyib ki, Tramp ABŞ-nin müdafiə sənayesinin səfərbər olunmasını və müvafiq avadanlıqların tədarükü üçün yeni güclərin yaradılmasını təkid edib.
Qeyd edək ki, iyunun 17-də Tramp Ukraynaya ABŞ istehsalı olan "Patriot" hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün lisenziyanın verilə biləcəyini də istisna etməyib.