Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İranın XİN rəhbərindən ABŞ prezidentinə cavab: "Düşmənçilikdən xəbər verir"
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın Fars körfəzinin adını "Ərəb körfəzi" kimi dəyişdirmək niyyətinə reaksiya verib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Əraqçı buna cavab olaraq bildirib ki, Oman körfəzi, Hind okeanı və ya Qırmızı dəniz kimi adların istifadəsi hər hansı konkret millətin mülkiyyətini nəzərdə tutmur, əksinə, bəşəriyyətin kollektiv irsinə ümumi hörməti əks etdirir.
O qeyd edib ki, Fars körfəzi ilə bağlı yayılan absurd şayiələr bütün dünyada iranlıları qəzəbləndirmək və qıcıqlandırmaq üçün "əbədi döyüşçülər"in dezinformasiya kampaniyasından başqa bir şey deyil.
Abbas Əraqçi Trampa müraciət edərək vurğulayıb ki, Fars körfəzi adı artıq uzun əsrlər boyu mövcuddur və bütün kartoqraflar və beynəlxalq təşkilatlar tərəfindən tanınıb, hətta 1960-cı illərə qədər regionun bütün liderləri tərəfindən onların rəsmi ünsiyyətlərində istifadə edilib.
ABŞ Prezidenti Donald Tramp daha bir tarixi addıma hazırlaşır - o, Fars körfəzinin adının Ərəb körfəzi olaraq dəyişdirilməsini elan etmək niyyətindədir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Associated Press" agentliyi hökumətdəki mənbələrə istinadən məlumat verib.
Məlumata görə, strateji əhəmiyyətli körfəzin adının dəyişdirilməsi ilə bağlı qərar regiondakı ərəb dövlətlərinin, ilk növbədə Səudiyyə Ərəbistanının təzyiqi ilə qəbul edilib. Tramp öz qərarını məhz bu ölkəyə mayın 13-16-na planlaşdırılan səfəri zamanı açıqlayacaq.
Qeyd edək ki, bu, ABŞ liderinin müəyyən edilmiş coğrafi adları dəyişdirmək üçün ilk cəhdi deyil. Yanvarın sonlarında o, Meksika körfəzinin adının Amerika körfəzi kimi dəyişdirilməsi ilə bağlı fərman verib və bu, BMT-də narazılığa səbəb olub. BMT bəyan edib ki, heç bir dövlətin beynəlxalq obyektlərin adlarını birtərəfli qaydada dəyişdirmək hüququ yoxdur.
Donald Tramp Səudiyyə Ərəbistanından əlavə, Qətər və BƏƏ-yə də səfər edəcək. Onun mayın 14-də Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurası ölkələrinin - Bəhreyn, Qətər, Küveyt, BƏƏ və Omanın liderləri ilə görüşü gözlənilir.