ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, o, İranı hərbi yolla dərhal məhv edə bilər, lakin Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ölkələrinin xahişi ilə daha təmkinli davranmağa, tələsməməyə məcburdur.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə teleaparıcı Stiven Smitə müsahibəsində danışıb.
Jurnalist ölkə başçısından ABŞ-nin indiyədək İranla niyə haqq-hesab çəkmədiyini soruşub.
"Müdafiə etməyə çalışdığım dövlətlərin xahişi ilə biz prosesi bir qədər uzadırıq. Səudiyyə Ərəbistanı məndən hər şeyi bir müddət olduğu kimi saxlamağı xahiş edib", - deyə ABŞ prezidenti cavab verib.
O əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreyn də gözləmə mövqeyinə üstünlük verirlər.
Bundan əvvəl Tramp bildirib ki, Birləşmiş Ştatların İranla hər hansı bir razılaşmaya ehtiyacı qalmayıb. O vurğulayıb ki, ABŞ-nin bu sövdələşməyə ehtiyac duyduğu vaxtlar artıq çoxdan geridə qalıb.