İri dövlət investisiya layihələri üçün 10 illik maliyyə öhdəliyi pasportu mexanizminin tətbiq olunması təklif edilir.
Oxu.Az xəbər verir ki, bu fikirləri deputat Vüqar İskəndərov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, dövlət investisiyalarını planlaşdırarkən obyektin tikintisi hesablanır:
"Bəs onun sonrakı onillik həyatını nə qədər dəqiq hesablayırıq? Məsələn, dövlət vəsaiti hesabına yeni məktəb tikilir. Bu, əlbəttə, mühüm nailiyyətdir. Ancaq həmin məktəbin növbəti 10 ildə kommunal, texniki xidmət, əsaslı təmir və digər istismar xərcləri də dövlətin üzərinə düşür. Eyni yanaşma xəstəxanalara, idman komplekslərinə, inzibati binalara və digər infrastruktura aiddir. Təklif edirəm ki, iri dövlət investisiya layihələri üçün "10 illik maliyyə öhdəliyi pasportu" mexanizmi tətbiq edilsin. Yəni hər bir iri layihə təsdiqlənməzdən əvvəl onun yalnız tikinti dəyəri deyil, gələcək istismar xərcləri, təmir ehtiyacları və mümkün qənaət imkanları da hesablanaraq təqdim olunsun".
Deputat əlavə edib ki, dövlət proqramlarının maliyyələşdirilməsində müəyyən dövrilik prinsipi tətbiq oluna bilər:
"Bəzi dəstək proqramları üçün üç və ya beş ildən bir məcburi səmərəlilik qiymətləndirilməsi aparılması məqsədəuyğundur. Əgər proqram qarşıya qoyulan məqsədə çatırsa, davam etdirilsin. Əgər nəticələr zəifdirsə, mexanizm dəyişdirilsin. Qənaət olunan vəsait isə daha aktual ehtiyaclara yönəldilsin".