ABŞ Prezidenti Donald Tramp Kanada hökumətini yanğınların qarşısının alınması üçün zəruri tədbirləri qəsdən həyata keçirməməkdə ittiham edib. Onun sözlərinə görə, bu, ABŞ üçün milyardlarla dollar itkiyə səbəb olub.
Oxu.Az xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" platformasında yazıb.
Məlumata görə, Kanadadakı meşə yanğınlarından yaranan tüstü ABŞ ərazisinə, o cümlədən şərq sahillərinə çatıb. Tüstü Vaşinqton, Nyu-York, Boston və digər iri şəhərləri bürüyüb.
"Kanada meşələrin elementar idarə olunması və meşə tullantılarının təmizlənməsi ilə məşğul olmaqdan imtina edir. Onlar bilirlər ki, bu cür imtina məhz belə nəticəyə gətirib çıxaracaq. Bu, hər il baş verən və ABŞ-yə milyardlarla dollara başa gələn qəsdən səhlənkarlıqdır", - Tramp bildirib.
Bundan əlavə, ABŞ prezidenti Kanadanın meşə yanğınlarından yaranan zərərin Ottavanın hazırda ödədiyi idxal rüsumlarına əlavə edilməli olduğunu deyib.