Kreml Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının hazırlandığını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə interfax.ru məlumat verib.
Qeyd olunub ki, Putinin mətbuat katibi Dmitri Peskov danışıq üçün hazırlıqların görüldüyünü bildirib.
Donald Tramp daha əvvəl sosial şəbəkədə yazmışdı ki, bazar ertəsi Rusiya prezidenti ilə telefon danışığı etməyi planlaşdırır.
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi, mayın 19-da telefon danışığı zamanı Rusiya lideri Vladimir Putinlə Ukraynada sülh və ticarət məsələlərini müzakirə etməyi planlaşdırır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti "Truth Social" platformasında yazıb.
D.Tramp telefon danışığının saat 10:00-a (Bakı vaxtilə 18:00 - red.) planlaşdırıldığını bildirib.
ABŞ lideri, həmçinin qeyd edib ki, rusiyalı həmkarı ilə telefon danışığından sonra mayın 19-da Ukrayna Prezidenti Volodimir Zelenskiyə və NATO müttəfiqlərinə zəng edəcək.
"Ümid edirəm ki, həmin gün məhsuldar keçəcək, atəşkəs elan olunacaq və bu çox amansız müharibə başa çatacaq", - Tramp vurğulayıb.