Ağ Ev sosial media hesablarında ABŞ Prezidenti Donald Trampla portuqaliyalı futbolçu Kriştianu Ronaldu arasındakı görüşün videosunu yayımlayıb.
Oxu.Az xəbər verir ki, kadrlarda Ronaldu nişanlısı Corcina ilə Ağ Evin dəhlizində gəzərkən Trampla söhbət edir.
"Tarixin ən böyük iki şəxsi. CR7 x 45/47", - paylaşımda deyilir.
Bununla da, Ağ Ev portuqaliyalı futbolçunun forma nömrəsinə və Trampın ABŞ-nin 45-ci və 47-ci prezidenti olmasına işarə edir.
Xatırladaq ki, bundan əvvəl Ronaldu Tramp tərəfindən Ağ Evdə təşkil edilən şam yeməyində iştirak edib.

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud ilə şam edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Futbol dünyasından FIFA prezidenti Canni İnfantino da şam yeməyinə dəvət olunub. Amerikalı milyarder İlon Mask da qonaqlar arasında olub.
Tramp zarafatla bildirib ki, kiçik oğlu Barronu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldu ilə tanış etməklə ondan daha çox hörmət qazanıb.
"Bilirsiniz, oğlum Ronaldunun böyük fanatıdır", - Tramp şam yeməyində deyib.
"Barron onunla görüşdü. Düşünürəm ki, sizi görüşdürdük sonra o, atasına bir az daha çox hörmət edir", - Tramp Ronalduya deyib və bu, tədbirdə iştirak edənlərin gülüşünə səbəb olub.