Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin diplomatik gücünə güvəndiyini və Ankaranın mövqeyinin Moskvada nəzərə alınacağına əmin olduğunu bəyan edib.
Oxu.Az TRT-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra birgə mətbuat konfransında bildirib:
"Türkiyənin Rusiya ilə müharibə üzrə prinsipial mövqeyi Ukrayna üçün çox vacibdir. Ukraynanın müstəqilliyini və suverenliyini dəstəklədiyinə görə Türkiyəyə təşəkkür etmək istəyirəm. İlin sonuna qədər əsir mübadiləsini bərpa etməyə ümid edirəm. Türkiyə bu baxımdan əhəmiyyətli dəstək verir", - deyə Zelenski vurğulayıb.
"Rusiya-Ukrayna münaşişəsində qan tökülməməsini istəyən bütün tərəfdaşlarımızın İstanbul prosesinə qarşı konstruktiv yanaşma nümayiş etdirmələrini gözləyirik".
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən sonra birgə mətbuat konfransında bildirib.
Dövlət başçısı qeyd edib ki, danışıqlar zamanı ikitərəfli münasibətlərlə yanaşı, Ukraynadakı müharibənin həlli ilə bağlı da fikir mübadiləsi aparılıb: "Türkiyə atəşkəsi sürətləndirəcək və ədalətli, davamlı sülhə yol açacaq təklifləri Rusiya ilə müzakirə etməyə həmişə hazırdır. Bu kontekstdə müttəfiqimiz ABŞ-nin prosesdə iştirakını da yüksək qiymətləndiririk", - deyə Ərdoğan vurğulayıb.
Türkiyənin paytaxtı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenskinin görüşü başlayıb.
Oxu.Az bu barədə "TRTHaber"ə istinadən xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün (noyabrın 19-da) Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqları üçün Türkiyəyə səfər edib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenskini Prezident iqamətgahında rəsmi mərasimlə qarşılayacaq, ikitərəfli görüş və işgüzar yeməkdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Bu diplomatik təmas Zelenskinin may ayında Ankaraya səfərindən bəri iki lider arasında ilk üzbəüz görüş olacaq. Türkiyənin vasitəçilik rolu müharibənin gedişatı baxımından böyük əhəmiyyət daşıyır. İki lider arasında bu vacib görüş davam edən Rusiya-Ukrayna müharibəsində diplomatiya üçün yeni bir qapı aça bilər.
Həmçinin Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Burhanettin Duran öz "X" hesabında etdiyi paylaşımda görüşlə bağlı açıqlama verib:
"Ankarada baş tutacaq danışıqlarda Ukrayna ilə ikitərəfli gündəmdəki məsələlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsi ilə bağlı əldə edilən irəliləyişlər, İstanbul prosesi başda olmaqla, atəşkəsə nail olunması və dayanıqlı həll yoluna yönəlmiş səylərin müzakirəsi gözlənilir".
