ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Konqresin Senatında onun həmpartiyaçısı olan respublikaçılar maliyyə çatışmazlığı səbəbindən hökumətin işinin qismən dayandırılması ("şatdaun") ilə bağlı vəziyyəti həll etmək üçün "nüvə variantı"na keçməlidirlər.
Oxu.Az-ın məlumatına görə, o, müvafiq yazını "Truth Social"da paylaşıb.
Yazıdan belə məlum olur ki, Demokrat Partiyasından olan qanunvericilər filibaster (filibusterçilik) təcrübəsindən - qanun layihələrinin baxılmasını və qəbulunu ləngitmək təcrübəsindən istifadə edirlər. Qanun layihəsi üzrə filibasterin aradan qaldırılması üçün ABŞ Konqresinin yuxarı palatasının ən azı 60 üzvünün dəstəyi lazımdır. 13 səsvermə raundu nəticəsində Senatda nəzərdən keçirilən hökumətin işinin maliyyələşdirilməsinin təmin edilməsinə dair iki qanun layihəsindən heç biri qəbul edilməyib.
"Respublikaçıların "Tramp kartı"nın uduşunda iştirak etmək və nüvə variantına keçmək vaxtıdır - filibasterdən xilas olun, həm də dərhal qurtulun", - Tramp yazıb.