Türkiyə hökuməti kosmik stansiya inşa edilməsinə dair qərar qəbul edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin baş naziri Binəli Yıldırım bəyan edib.
“Kosmik stansiyanın inşa edilməsi ilə bağlı qanun layihəsi artıq türkiyə parlamentinə göndərilib”, - B.Yıldırım Əskişəhər vilayətində helikopterlər üçün ehtiyat hissələrinin istehsalı zavodunun açılışında deyib. Onun sözlərini Anadolu agentliyi sitat gətirir.
Baş nazir bildirib ki, qərar kosmik və aviasiya texnologiyaları vasitəsi ilə ölkədə inkişaf və təhlükəsizliyi təmin etmək məqsədi ilə qəbul olunub.
B. Yıldırım həmçinin NATO-ya üzv ölkələrin birgə layihəsi olan “F-35” beşinci nəsil qırıcı-bombardmançı təyyarələrinin istehsalı layihəsini şərh edib.
“Təyyarənin füzelyajının mərkəzi hissəsi ABŞ-la yanaşı Türkiyədə TUSAŞ şirkəti tərəfindən istehsal olunacaq”, - o əlavə edib.
S.B.
www.oxu.az