Türkiyənin Zonquldağ vilayətində kömür mədəni çöküb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, mədəndə qəza gecə saat 03.00 radələrində baş verib.
Şəhər qubernatoru Əli Kaban bildirib ki, qəza gecə saatlarında baş versə də şirkət rəhbəri bunu gizlətməyə çalışıb.
“Hadisədən günorta saatlarında xəbərimiz oldu. Gizlədirdilər. Xəbəri polisə dağıntılar altında qalan işçilərdən birinin atası deyib”, deyə qubernator bildirib.
İlkin məlumatlara görə, 9 nəfər dağıntılar altında qalıb. Onların sağ olduğu ehtimal edilir. Çünki bəziləri ilə əlaqə saxlamaq mümkün olub. Hazırda onların xilası istiqamətində işlər görülür. Xilasedicilərin sözlərinə görə, 3 saatdan sonra dağıntılar altında qalan şaxtaçılar xilas ediləcək.
