Türkiyənin Adana vilayətinin Kozan yaşayış məntəqəsində məzuniyyətini keçirmək üçün evə gəlmiş baş çavuş 15 gün öncə ailə quran bacısı ilə sevgili olduğu deyilən şəxsi xidməti tapançası ilə vuraraq öldürüb.
Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, hadisə gecə vaxtı Kozanın Tufanpaşa məhəlləsində, Saimbəyli küçəsində baş verib.
Şırnakda xidmət keçən polis baş çavuşu Süleyman Ş. (24 yaşlı) 15 gün əvvəl ailə quran 18 yaşlı bacısı Eda Şahinin toyunda iştirak etmək üçün məzuniyyət alaraq evə gəlib. Bir müddət sonra ərizə yazıb məzuniyyət müddətini artıran Süleyman Ş. gecə saatlarında bacısının evinə gələrək, onu avtomobilinə əyləşdirib və gəzməyə çıxarıb. Bacısının öz ərini aldatdığını düşündüyünü deyən baş çavuş onun görüşdüyü oğlan hesab etdiyi Yusif Yaşarı da hadisə yerinə dəvət edib. Avtomobildə bir qədər söhbət etdikdən sonra aralarında münaqişə yaranıb və Yusif Yaşar maşını tərk edərək, qaçmağa başlayıb. Süleyman Ş. Yusif Yaşarı avtomobillə təqib edərək, yaxınlaşdıqda ona xidməti tapançası ilə 4-5 atəş açıb.
Daha sonra baş çavuş bacısı Eda Şahinə də 3-4 dəfə atəş açıb. Edanın həyatını xilas etmək mümkün olmayıb, o, hadisə yerindəcə dünyasını dəyişib. Yusif Yaşar yaralı halda Kozan Dövlət Xəstəxanasına aparılıb, lakin həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.
Cinayəti törətmiş baş çavuş Süleyman Ş. isə Kozan bələdiyyə polisinə gələrək, “mən cinayət işlədim, bu da silahım” deyib və təslim olub.
Hadisə ilə bağlı türk polisinin araşdırması davam edir.