Türkiyənin daha bir neçə vilayətində meşə yanğınları başlayıb. Bəzi evlərə zərər dəyib, təxliyələr həyata keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyənin Bursa vilayətinin Osmanqazi rayonunda baş verən meşə yanğını güclü küləyin təsiri ilə qısa müddətdə yaşayış ərazilərinə keçib. Nəticədə bir neçə evə ziyan dəyib.
Hadisə yerinə dərhal yanğınsöndürənlər, jandarma qüvvələri, AFAD və Meşə Təsərrüfatı İdarəsinin yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsi üçün həm havadan - meşə və jandarma helikopterləri vasitəsilə, həm də qurudan - canlı qüvvə və texnika ilə intensiv müdaxilə aparılır. Bəzi könüllülər də söndürmə işlərinə dəstək verirlər.
Təhlükə ilə üzləşən sakinlər evlərini tərk edərək təxliyə olunublar. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan yoxdur.



Digər meşə yanğını isə Sakarya vilayətinin Taraklı rayonunda qeydə alınıb.
Hazırda yanğının söndürülməsi istiqamətində yeddi helikopter və iki təyyarə ilə havadan, 105 nəfərlik şəxsi heyət və 24 texnika ilə qurudan müdaxilə davam edir.
Yanğının ətraf ərazilərə yayılmasının qarşısını almaq məqsədilə zəruri tədbirlər görülür.
Türkiyənin Antalya vilayətində bu gün səhər saatlarında baş verən iki ayrı meşə yanğınından biri - Aksu rayonundakı yanğın nəzarət altına alınıb. Alanya rayonunda davam edən digər yanğının söndürülməsi istiqamətində isə həm havadan, həm də qurudan müdaxilə tədbirləri davam etdirilir.
Oxu.Az bu barədə "Anadolu" Agentliyinə istinadla xəbər verir.
Məlumata görə, Aksuda başlayan yanğın yaxınlıqdakı əkin sahələrinə də keçib. Lakin yanğınsöndürmə qruplarının vaxtında müdaxiləsi sayəsində alovun istixanalar və yaşayış evlərinə keçməsinin qarşısı alınıb və yanğın nəzarətə götürülüb.
Hazırda ərazidə soyutma işləri davam etdirilir. Əməliyyatlara Aksu Rayon Jandarm Komandanlığı və Antalya Vilayət Jandarm Komandanlığının əməkdaşları da cəlb olunublar.
İlkin məlumatlara əsasən, yanğın nəticəsində bir hektar meşə sahəsi zərər görüb.
Türkiyənin Antalya vilayətinin Alanya və Aksu rayonlarında meşə yanğınları qeydə alınıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Anadolu" Agentliyi xəbər yayıb.
Bildirilib ki, hadisə barədə məlumat daxil olan kimi, Antalya Meşə Təsərrüfatı Regional İdarəsinin yanğınsöndürmə qrupları dərhal ərazilərə cəlb olunub. Quru yolla yanaşı, hava vasitələri - helikopterlər və təyyarələr də yanğınsöndürmə əməliyyatlarına qoşulub.
Hazırda təbii fəlakətə müdaxilə davam etdirilir.
Hadisənin başvermə səbəbi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.