“Bu günə qədər Lvova beş minə yaxın azərbaycanlı gəlib”
Bu barədə Oxu.Az-a Ukrayna Azərbaycanlıları Radasının (UAR) Lvov vilayəti üzrə sədri Teymur Məmmədov danışıb.
O bildirib ki, Kiyevdən gələn azərbaycanlıların digər ölkələrə gedişləri təşkil edilib:
“Lvov şəhər 1 saylı xəstəxananın nəzdində azyaşlı uşaq və qadınlar üçün yer ayrılıb. Xüsusilə tibbi xidmətə ehtiyacı olanlar burada yerləşdirilib, qida ilə təmin ediliblər. Lvov vilayətindən 200 kilometr uzaqda sığınacaq yeri düzəldilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin ayırdığı büdcə ilə sığınacaq yerləri zəruri şərait - yataq və qida ilə təchiz edilib. Vətəndaşlarımız burada bir gün qaldıqdan sonra öz seçimlərinə müvafiq olaraq Polşa, Rumıniya, Macarıstan, Moldova sərhədlərinə yönləndirilir.
Sərhədə qədər vətəndaşları nümayəndələrimiz müşayiət edir. Lakin sərhədlərə üz tutan şəxslərin çoxluğunu nəzərə alsaq, orada təxminən 5-7 kilometr uzunluğunda tıxaclar var. Mütəmadi olaraq Lvova daxil olan soydaşlarımızı nəzərə alsaq, nümayəndələrimiz həmin tıxacları gözləyə bilmir və geri qayıdırlar. Vətəndaşlar isə sərhədi keçənə qədər növbə gözləyirlər”.
T.Məmmədov onu da əlavə edib ki, vətəndaşların sərhədlərə daşınması quruma aid dörd minik maşını ilə həyata keçirilir:
“Ötən gün 450-500 nəfər ayrı-ayrı sərhədlərə göndərilib. Ukraynadakı vəziyyətlə əlaqədar olaraq Ukrayna Azərbaycanlıları Radasının bütün region bölmələri soydaşlarımızın təxliyəsi ilə bağlı mütəmadi tədbirlər görürlər”.
Könül Cəfərli