Udmurtiyanın rəhbəri Aleksandr Solovyov 140 milyon rubl rüşvət almaqda şübhəli bilinir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Onun sözlərinə görə, məmura qarşı xüsusi iri məbləğdə rüşvət almağa dair maddə üzrə cinayət işi açılıb. Petrenko bildirib ki, Udmurtiya rəhbəri iki cinayət törətməkdə ittiham edilir.
İstintaqın versiyasına görə, 2014-2016-cı illərdə Solovyov Kambarki şəhəri yaxınlığında Kama və Buy çayları üzərindən körpünün inşaatı ilə məşğul olan şirkətdən 139 milyon rubl alıb. Bundan başqa, məmura kommersiya təşkilatından 2,7 milyon rubl həcmində rüşvətin çatdığı ehtimal edilir.
09:56
Udmurtiyanın başçısı Aleksandr Solovyov hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarında olan mənbə bildirib.
“Səhər onu Moskvaya göndərmişik”, - həmsöhbət bildirib.
Onun hansı təşkilat tərəfindən və hansı iş üzrə saxlanıldığı bildirilmir.
İşin digər təfərrüatları açıqlanmır.
Martın 20-də Saxalin vilayətində regionun kənd təsərrüfatı naziri Mixail Kuzmenko saxlanılıb. Ona qarşı səlahiyyətindən sui-istifadə etmək maddəsi üzrə ittiham irəli sürülüb. Onunla bərabər köməkçisi Tamara Mulenkova da saxlanılıb.
N.О.
www.oxu.az