Ukrayna hərbçiləri cəbhədə qumbaraatanlar, partlayıcı maddələr və digər silahlarla təchiz edilmiş döyüş robotlarından getdikcə daha geniş istifadə edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Bildirilir ki, hər gün döyüş bölgəsində təxminən min robot fəaliyyət göstərir. Nəşrin məlumatına görə, oktyabrın sonlarında Liman rayonunda robotlar hərbçilərin müşayiəti olmadan Rusiya qüvvələrinin mövqelərinə hücum ediblər.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına əsasən, oktyabr ayında yerüstü robotlaşdırılmış komplekslər vasitəsilə 31 mindən çox logistika və təxliyə əməliyyatı həyata keçirilib. Yanvar ayında isə bu göstərici 7 500-dən bir qədər çox olub.
Məqalədə vurğulanır ki, robotlardan əsasən yüklərin daşınması, eləcə də yaralı və həlak olmuş hərbçilərin döyüş bölgəsindən təxliyəsi üçün istifadə olunur.
Bununla belə, robotların zəif cəhətlərindən biri radioəlaqədən asılılıqdır. Belə ki, elektron mübarizə vasitələri ilə onların rabitəsini pozmaq mümkündür.
Operatorla daimi əlaqədən asılılığı azaltmaq məqsədilə bu cür robotlarda süni intellekt texnologiyalarından getdikcə daha geniş istifadə edilir. Bu isə onlara müəyyən tapşırıqları müstəqil şəkildə yerinə yetirməyə imkan verir.