Avqustun 19-da Ukrayna Prezident Ofisinin keçmiş rəhbər müavini İrina Mudraya saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat yayıb.
Bir qədər əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Mudrayanı Prezident Ofisi rəhbərinin müavini vəzifəsindən azad edib. Rəsmi sərəncamda qərarın səbəbi açıqlanmayıb.
Qonçarenkonun sözlərinə görə, Mudraya hazırda NABU-da istintaq hərəkətlərində iştirak edir və gecəni təcridxanada keçirəcək.
Ukrayna lideri Volodimir Zelenski İrina Mudrayanı Prezident Ofisi rəhbərinin müavini vəzifəsindən kənarlaşdırıb.
Oxu.Az xəbər verir ki, müvafiq sərəncam Ukrayna dövlət başçısının ofisinin rəsmi saytında dərc olunub.
Avqustun 19-da məlum olub ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) "Forrest Qamp" adlı xüsusi əməliyyat çərçivəsində Mudrayanın mənzilində axtarışlar aparıb.
NABU ehtimal edilən şübhəlilərin dinlənilmiş danışıqlarının bəzi hissələrini əks etdirən 47 saniyəlik video paylaşıb.
Sözügedən səsyazılarında "pulların oğurlanması", "dörd torba" ifadələri və Prezident Ofisinin adı hallanıb. Ukrayna kütləvi informasiya vasitələrinin məlumatına əsasən, işin fiqurantları sırasında Mudrayanın özü, deputat Vadim Stolar və parlamentin sabiq üzvü Maksim Mikitas yer alır.
Qeyd edək ki, İrina Mudraya 2024-cü ilin mart ayından etibarən Prezident Ofisinin rəhbərinin müavini vəzifəsini tuturdu. O, məhkəmə islahatları və yüksəkvəzifəli Rusiya rəsmilərinə qarşı xüsusi tribunalın qurulması proseslərinə rəhbərlik edirdi. Onun işdən çıxarılması Ukrayna hakimiyyətindəki kadr dəyişiklikləri dalğasının davamıdır.
Xatırladaq ki, 2026-cı ilin iyulunda Ali Rada baş nazir Yuliya Sviridenkonu istefaya göndərmiş, ardınca isə müdafiə naziri Mixail Fyodorov və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski vəzifələrindən azad edilmişdilər.
Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu Ali Radanın keçmiş və hazırkı deputatlarının rəhbərlik etdiyi cinayətkar qruplaşmaya qarşı xüsusi əməliyyat keçirir və bu qrupun tərkibinə Prezident Volodimir Zelenskinin Ofisinin əməkdaşları da daxildirlər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosunun "Telegram" kanalında məlumat verilib.
"Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu Ukraynanın hazırkı və keçmiş deputatlarının rəhbərliyi altında, eləcə də Volodimir Zelenski Ofisinin məmurlarının və digər şəxslərin iştirakı ilə fəaliyyət göstərən cinayətkar təşkilatın ifşa edilməsi üzrə xüsusi əməliyyat keçirir", - deyə məlumatda bildirilib.