İspaniyalı pilot Karlos Sayns "Formula-1" üzrə dünya çempionatında çıxış edən "Williams" komandası ilə yeni çoxillik müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniya kollektivinin mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
Sayns 2025-ci ildən komandada çıxış edir.
"Williams"da yoluma davam edəcəyimi bildirməkdən çox məmnunam. Mən həm zavodda, həm də yarış traslarında bu kollektivi təşkil edən insanlara, eləcə də arxa planda həyata keçirilən investisiyalara və görülən gərgin işə səmimi qəlbdən inanıram. Birlikdə uğur qazanmaq üçün lazım olan hər şeyə sahibik. İlk gündə olduğu kimi, "Williams"ı layiq olduğu yerə qaytarmaq ideyasına sadiqəm və qarşıdakı birgə qələbələri səbirsizliklə gözləyirəm", - Sayns bildirib.
31 yaşlı Saynsın "Formula-1" Qran-prilərində dörd qələbəsi var və ispaniyalı pilot ümumilikdə 29 dəfə podiuma yüksəlib. Cari mövsümdə o, ümumi sıralamada 15-ci yerdədir. Pilot daha əvvəl "Ferrari", "Toro Rosso", "Renault" və "McLaren" komandalarında çıxış edib.