Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ukraynanın yeni prezidenti – Vladimir Zelenski kimdir?
Ukraynada keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrinə görə, keçmiş “KVN”çi və şoumen Vladimir Zelenski qalib gəlib.
Aprelin 21-də Ukraynada seçkilərin ikinci turu baş tutub. Səsvermədə 16 milyon Ukrayna vətəndaşı iştirak edib. Seçici fəallığı isə 62.07 faiz təşkil edib.
Zelenski siyasi arenaya “baş vurmazdan” əvvəl ölkəsində yumor ustası, aktyor və prodüser kimi məşhurlaşıb. İndi isə o, Ukraynanın yeni prezidentidir. Ukraynalılar ona ölkədə yaxşılığa doğru dəyişikliklər üçün böyük ümidlər bəsləyir.
Vladimir Zelenski 25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində yəhudi ailəsində anadan olub. Atası proqramçı, texniki elmlər doktoru, professordur. Bir müddət Krivorojsk İqtisadiyyat İnstitutunda informatika kafedrasının müdiri olub. Anası Rimma Zelenskaya 40 il mühəndis işləyib.
V.Zelenski 1995-ci ildə ingilis dili təmayüllü 95 saylı Krivorojsk şəhər məktəbini bitirib. Uşaqlıq illərində yunan-roma güləş növü, ağır atletika, voleybol və basketbolla məşğul olub. Bundan başqa, fortepiano və bal rəqsləri kurslarına gedib.
Məktəbi bitirdikdən sonra hüquqşünaslıq ixtisası üzrə Krivorojsk İqtisadiyat İnstitutunda ali təhsil alıb. Ancaq məzun olduqdan sonra öz ixtisası üzrə işləməyib.
2003-cü ildə onunla paralel sinifdə oxumuş Yelena Kiyaşko ilə ailə həyatı qurub. Cütlüyün bu nikahdan Aleksandra (2004) adlı qızı və Kirill (2013) adlı oğlu var.
Tələbəlik illərində V.Zelenski Şən və Hazırcavablar Klubu (KVN) ilə maraqlanıb və “Besprizornik” adlı miniatür teatrı yaradıb. Həmin dönəmlərdə Aleksandr Pikalov və Denis Manjosovla birlikdə “Gənc Krivoy Roq” adlı ŞHK (KVN) komandasını təşkil edib.
Daha sonralar “Zaporojye-Krivoy Roq-Tranzit” komandasında çıxışları olub. Bir müddətdən sonra “Krivoy Roq yığması” komandasının şərəfini qoruyub, 1997-ci ildə isə “95-ci məhəllə” komandasına keçərək, kapitan olub. Eyni zamanda, bir sıra nömrələrin ssenarisini yazıb.
Adıçəkilən komanda 1999-cu ildən etibarən Moskvada ŞHK-nin yüksək liqasında çıxış edib. 2003-cü ildə “95-ci məhəllə” ŞHK komandası ilə KVN-ə rəhbərlik edən “Amik” şirkəti arasında münaqişə düşüb. Belə ki, komanda üzvlərindən yalnız Zelenskiyə ŞHK-da müəllif və redaktor vəzifəsində qalmağı təklif ediblər. Zelenski bu təklifi rədd edərək, komandası ilə birlikdə ŞHK-ni tərk edib.
Yumoristin komandası ilə Ukrayna telekanalları maraqlanır, “95-ci məhəllə” isə “1+1” telekanalı üçün ən yaxşı nömrələrindən ibarət silsilə konsertlər hazırlamağa başlayır. 2005-ci ildə “İnter” telekanalında “Axşam məhəlləsi” (“Вечерный квартал”) proqramının ilk buraxılışı efirə çıxıb.
2010-2012-ci illərdə V.Zelenski “İnter” telekanalının baş prodüseri vəzifəsinə təyin olunub. 2012-ci ilin oktyabr ayında şoumen və “95-ci məhəllə studiyası” “1+1” telekanalı ilə müqavilə bağlayıb. “Axşam məhəlləsi” ilə yanaşı, şirkət bir sıra layihələr, o cümlədən, “Döyüş klubu”, “Ukrayna, ayağa qalx”, “Komikin mizahları”, “Gecə Kiyevi” və “Gülüş liqası” kimi yumoristik-əyləncəli proqramlar işə salıb.
V.Zelenski ssenarist prodüserdir, həmçinin, bir neçə serial və filmlərdə, o cümlədən, “Elçilik”, “Böyük şəhərdə məhəbbət”, “Xidməti eşq macərası”, “Bizim zaman”, “İlk səkkiz görüş”, “Mən, Sən, O”da müxtəlif obrazlar canlandırıb. 2015-ci ildə “Xalqın qulu” adlı serialının birinci mövsümü ekranlara çıxıb. Serialda Ukrayna prezidenti rolunu oynayıb.
Prezident
Son illər şoumenin adı Ukrayna prezidentliyinə ən potensial namizədlərdən biri kimi çəkilirdi. 2017-ci ildə “95-ci məhəllə studiyasının” hüquqşünasları “Xalqın qulu” siyasi partiyasını qeydiyyatdan keçirib.
1 yanvar 2019-cü ildə, Yeni il gecəsində çoxlarının artıq gözlədiyi baş verir. “1+1” telekanalının efirində Zelenski prezident postu uğrunda mübarizə aparmağı qərara aldığını bəyan edir. Maraqlıdır ki, aktyorun videomüraciəti Ukrayna prezidenti Pyotr Poroşenkonun ənənəvi Yeni il təbriki əvəzinə nümayiş etdirir. 21 yanvar 2019-cu ildə “Xalqın qulu” partiyası rəsmi olaraq Zelenskinin prezidentliyə namizədliyini irəli sürür.
Qeydiyyata alınar-alınmaz seçkiqabağı reytinqlərə başçılıq edib. Siyasi təcrübəsinin olmaması və seçkiqabağı kampaniyasının qapalı olması seçiciləri ona səs verməkdən çəkindirməyib. Birinci tur nəticələrinə görə, şoumen 30.24 faiz səslə birinci yeri tutub. Prezident Pyotr Poroşenko isə 15,95 faiz səslə ikinci olub. Heç bir namizəd 50 faizdən çox səs toplaya bilmədiyi üçün ikinci tur təyin olunub və növbəti mərhələyə yalnız Zelenski ilə Poroşenko adlayıb.
Öz seçkiqabağı proqramında Zelenski Ukraynanı biznes qurmaq üçün əlverişli şəraiti olan ölkəyə çevirməyə söz verib. Onun sözlərinə görə, hakimiyyətə gələcəyi təqdirdə, ölkəsində biznesi bir saata qurmaq, xarici pasportu 15 dəqiqəyə əldə etmək, seçkilərdə bir saniyəyə səs vermək mümkün olacaq. Eyni zamanda, həkimlərin və müəllimlərin real maaşlar, korrupsiyaya qurşanmış məmurların real həbs cəzaları, nənələrin layiqli əmək pensiyası alacağını vəd edib.
Zelenskini tez-tez oliqarx İqor Kolomoyski ilə əlaqələndirirlər. Ancaq hər ikisi aralarında hər hansı pərdəarxası siyasi əlaqələrin olması ilə bağlı şayiələri təkzib edir. Bununla belə, onlar mediabiznes ortaqlarıdırlar.
Vladimir Zelenskinin namizədliyini bir çox rusiyalı siyasətçilər, o cümlədən, Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski dəstəkləyir.
Gəlirləri
Vergilər xidmətinə təqdim etdiyi bəyannaməyə görə, 2017-ci ildə Zelenskinin gəlirləri 4,8 milyon qriven (təxminən 160 min avro - red.) təşkil edib. Bu məbləğin böyük hissəsi şoumenin sahib olduğu təsərrüfat obyektlərinin payına düşür. Həyat yoldaşı isə həmin maliyyə ili ərzində 805 min qriven (təxminən 27 min avro - red.) gəlir götürüb.
Cütlüyün birgə mülkiyyətində Kiyevin şəhərkənarında yerləşən ev və torpaq sahəsi, Kiyevdə və Krımda üç mənzil və üç parkinq yeri var.
Şoumen 2016-cı ildə istehsal olunmuş “Land Rover” sürür, həyat yoldaşının isə 2014-cü ildə buraxılmış “Mercedes Benz” markalı avtomobili var.
2019-cu ilin yanvar ayında jurnalistlər kinofilm və televiziya proqramlarının istehsalı ilə məşğul olan üç Rusiya prodakşn şirkəti aşkarlayıb: “Vaysberq Piçers” , “Platinufilm” və “Qrin Films”. Hər üç şirkətin təsisçisi “Green Family Ltd” adlı Kipr şirkətidir. İddiaya görə, bu şirkət həm də “95-ci məhəllə” MMC-nin həmtəsisçisidir, onun benefesiarları isə məhz Zelenski və onun biznes ortaqları Andrey Yakovlev, Boris və Serqey Şefir, İqor Kolomoyskinin yaxın silahdaşı Timur Mindiçdir.
Sonradan Zelenski “Green Family LTD”nin səhmdarları sırasını tərk etdiyini bəyan etdi. Poroşenko və Zelenskinin seçkiqabağı kampaniyası olduqca gərgin və qarşılıqlı ittihamlar şəraitində keçib. Poroşenko ikinci turda Zelenskini “İqor Kolomoyskinin marioneti” adlandırıb.
“Kolomoyskiyə heç bir şans verməyəcəyik”, - deyə P.Poroşenko bildirib.
Zelenski isə buna cavabında belə söyləyib:
“Ekzit-pollar çoxdur, qalib birdir”
Sosial şəbəkələrin Ukrayna seqmenti isə namizədlərin tərəfdarları arasında virtual müharibə meydanına çevrilib. Porpşenko rəqibini “məhv edəcəyini bildirərək”, Zelenskini debatlara çağırıb, şoumen bu çağırışlara videoçarxlarla cavab verib. Ukrayna gələcəyinin müzakirəsi əvəzinə, qara piar kampaniyaları və kompramatlar gündəmə gəlib.
Zelenski ilə Poroşenkonun son görüşü aprelin 19-da “Olimpiya” stadionunda keçirilən “debatlarda” baş tutub.
Ramella İbrahimxəlilova
Rəylər