Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ÜST meymunçiçəyi ilə mübarizə üçün lazım olan məbləği açıqladı
Meymunçiçəyi (mpox) ilə mübarizə altı ay ərzində 135 milyon dollar maliyyə tələb edəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.
Cenevrədə diplomatik brifinqdə çıxış edərkən, o, "mpox"un yayılması ilə mübarizə üçün hərtərəfli və əlaqələndirilmiş beynəlxalq reaksiyanın lazım olduğunu bildirib.
ÜST-nin qlobal ictimaiyyətə maliyyə yardımı üçün müraciəti gələn həftənin əvvəlində dərc olunacaq.
"Biz donorları lazımi resursları təqdim etməyə çağırırıq və bununla bağlı artıq ÜST və digər tərəfdaşlara söz verənlərə təşəkkür edirik", - ÜST rəhbəri qeyd edib.
Onun sözlərinə görə, ÜST 2024-cü ildə "mpox" ilə mübarizə üçün fövqəladə ehtiyat fondundan təxminən 1.5 milyon dollar ayırıb və yaxın günlərdə donor maliyyəsi gələnə qədər bu məqsədlə daha çox vəsait ayırmağı planlaşdırır.
Qebreyesus xatırladıb ki, 2022-ci ildən başlayaraq qlobal "mpox" epidemiyası nəticəsində ÜST-ə 100 mindən çox təsdiqlənmiş xəstəlik hadisəsi barədə məlumat verilib.
Rəylər