Nyu-Yorkun (ABŞ) Bruklin rayonunda yerləşən Saut-Buşvik Reformist kilsəsi güclü yanğın nəticəsində tamamilə məhv olub. Hadisə zamanı binanın zəng qülləsi də çöküb, bir yanğınsöndürən yüngül xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Nyu-York Yanğınsöndürmə İdarəsindən verilən məlumata görə, alov yerli vaxtla təxminən saat 13:20-də qeydə alınıb.
Yanğının başlamasından 20 dəqiqə keçməmiş şahidlər binanın şpilinin çökdüyünü bildiriblər. Saat 15:35-ə qədər yanğınsöndürənlər alovu əsasən lokallaşdıra biliblər.
"ABC" telekanalının verdiyi məlumata görə, dəyən ziyan səbəbindən tarixi abidə sökülmək məcburiyyətindədir.
Yanğının səbəbləri hələ müəyyən edilməyib. Araşdırma davam edir.
Qeyd edək ki, kilsə 1982-ci ildə ABŞ-ın Milli Tarixi Yerlər Reyestrinə daxil edilmişdi. Yerli sakinlər binanın itirilməsini rayonun mədəni və tarixi irsi üçün ciddi zərbə adlandırıblar.