Azərbaycanın Rusiyadakı səfirliyində RF miqrasiya qanunvericiliyinə 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib.
Oxu.Az AzərTAc-a istinadən məlumatına görə, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu RF Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovskinin MDB ölkələrinin səfirləri ilə görüşündə iştirak etdiyini söyləyərək bildirib ki, görüşdə 2015-ci il yanvarın 1-dən etibarən Rusiya miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər barədə məlumat verilib. Səfir deyib: “Təbii ki, biz vətəndaşlarımızın Azərbaycanda çalışmasını, vətənimizə xeyir verməsini istəyirik. Ancaq kimsə müəyyən səbəblərdən Rusiyaya işləməyə gəlirsə, bu ölkənin miqrasiya qanunvericiliyinə edilən dəyişikliklərdən xəbərdar olunmalıdır. Qanunu pozan vətəndaşların cərimələnməsinin və Rusiyadan deportasiyanın qarşısını almaq üçün vətəndaşlarımıza Rusiya miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər barədə məlumat verməliyik”.
Rusiya Federal Miqrasiya Xidmətinin xarici vətəndaşlarla iş departamenti rəhbərinin müavini Dmitri Demidenko qeyd etdi ki, bu il Rusiyada ümumilikdə 2 milyon 107 min nəfər xarici vətəndaş işləmək üçün əmək patenti alıb. Bunlardan 106 min nəfəri Azərbaycan vətəndaşıdır. 2015-ci il yanvarın 1-dən etibarən əmək miqrantları üçün yeni qanunun qüvvəyə minəcəyini vurğulayan D.Demidenkonun sözlərinə görə, yeni qanuna əsasən, Rusiyaya vizasız gələn əcnəbi vətəndaşlar sərhəd-keçid məntəqəsində ölkəyə gəlişinin məqsədini göstərməlidir. Rusiyaya işləmək üçün gələn əcnəbi vətəndaş miqrasiya vərəqində bunu qeyd etməli və sonra 1 ay müddətində işləmək üçün əmək patentini almalıdır. Əmək patentini yalnız miqrasiya vərəqində ölkəyə gəlişinin məqsədi “işləmək” qeyd olunan xarici vətəndaş ala bilər. Bir ay ərzində deyil, növbəti iki ay ərzində patent üçün müraciət edən əcnəbi vətəndaş cərimə olunduqdan sonra patent ala biləcək. Əmək patenti 1 aydan 12 aya qədər müddətə verilir. Daha sonra patentin müddətini 1 il də uzatmaq olar. Əmək patentinə görə, hər ay dövlət rüsumu ödənməlidir. Bu rüsum Rusiyanın region və subyektlərindən asılı olaraq dəyişəcək. Moskva və Moskvaətrafı regionda xarici vətəndaş əmək patentinə görə hər ay 4000 rubl, Sankt-Peterburqda 1900 rubl ödəməli olacaq. Bu rüsumu xarici vətəndaşı işə götürən tərəf ödəməlidir. Rusiyanın hər subyektində əmək patentinə görə dövlət rüsumları müxtəlif olacaq.
FMX rəsmisi bildirib ki, Rusiyaya işləmək üçün gələn xarici vətəndaşlar əmək patenti alan zaman onlara könüllü tibbi sığorta paketi təklif olunacaq. Bunun üçün regionlarda vahid mərkəz yaradılacaq. Bundan başqa, xarici vətəndaşlar QİÇS və digər yoluxucu xəstəliklər barədə arayış da təqdim etməli, rus dili və tarixindən imtahan verməlidirlər.
Mətbuat konfransında bildirilib ki, Rusiyaya girişinə yasaq qoyulan xarici vətəndaşlar Rusiya Federal Miqrasiya Xidmətinin saytı vasitəsi ilə bu xidmətə müraciət edə bilər. Yeni qaydalar haqqında Rusiya FMX tərəfindən yaddaş kitabçası çap ediləcək. Səfir Polad Bülbüloğlu bu kitabçanın Azərbaycan dilinə tərcümə edilməsinin və səfirliyin saytında yerləşdirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.