"Son 3 ildə İcbari Tibbi Sığorta Fondunun (İTSF) büdcə göstəricilərinin təhlili göstərir ki, bir sıra hallarda vəsaitlərin səhiyyə sisteminə yönəldilməsi deyil, qalıq kimi saxlanması müşahidə edilib. Son 3 ildə fondun təsdiq olunmuş büdcəsinin xərclərində artımlar qeydə alınıb. 2023-cü ildə fondun xərcləri 2 milyard 393 milyon manat təsdiq olunmuşdusa, bu göstərici 2024-cü ildə 2 milyard 850 milyon, 2025-cü ildə isə 2 milyard 941 milyon manat nəzərdə tutulmuşdu".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü növbədənkənar sessiyasının iclasında "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihələrinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, İTSF-nin 2026-cı il büdcəsinin xərcləri 2 milyard 621 milyon manat məbləğində təsdiq edilib:
"Burada vacib məqam xərclərin maliyyələşmə mənbələridir. Belə ki, fondun büdcə gəlirləri 1 milyard 976 milyon manat olsa da və icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitindən 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 645 milyon 460 min manat vəsait ayrılıb. Bu sahədə həyata keçirilən sistemli islahatlar dövlət büdcəsindən ayrılan vəsaitə qənaət edilməsinə imkan yaradıb. Əgər 2025-ci ildə dövlət büdcəsindən fonda 1 milyard 416 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdusa, bu il dövlət büdcənin hesabına sığortalanmaya 900 milyon manat ayrılacaq. Yalnız əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanmasına 2025-ci ildə 1 milyard 266 milyon manat nəzərdə tutulub. Nəticədə, əvvəlki illərdə olan qalıq hesabına yalnız dövlət büdcəsindən fonda ayırmalarda 516 milyon manat qənaət etmək mümkün olacaq".
"Digər tərəfdən, 2025-ci ildə işəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları 909 milyon manat təsdiq olunmuşdusa, 2026-cı ildə yığımlar bir milyard manatdan çox olacaq. Göründüyü kimi, bu ildən etibarən dövlət büdcəsindən fonda ayırmalarda azalmalar, fondun öz gəlirlərində isə artımlar qeydə alınacaq. Bu isə hazırda müzakirə etdiyimiz fondun büdcəsinin dayanıqlığı baxımdan vacibdir", - deyə deputat vurğulayıb.