Venesuela və Yaponiyada təqribən eyni maqnitudaya malik şiddətli zəlzələlər yarım saat fərqlə baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi ABŞ və Yaponiyanın seysmoloji xidmətlərinin hesabatlarına istinadən məlumat yayıb. Bildirilib ki, Venesuelada 7.2 və 7.5 bal gücündə iki güclü yeraltı təkan Bakı vaxtı ilə saat 02:04 və 02:05-də, Yaponiyanın şimal-şərqində isə 7.2 bal gücündə zəlzələ isə saat Bakı vaxtı ilə saat 02:33-də qeydə alınıb.
Zəlzələlərin gücü oxşar olsa da, Venesuela və Yaponiyadakı fəsadlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Venesueladakı yeraltı təkanlar genişmiqyaslı dağıntılara səbəb olub və ekspertlərin proqnozlarına görə, böyük sayda insan itkisi gözlənilir. Yaponiyada isə zəlzələ nəzərəçarpacaq dağıntılara yol açmayıb, yalnız beş nəfər yıxılaraq yüngül xəsarət alıb. Mütəxəssislərin fikrincə, bu fərqin əsas səbəblərindən biri zəlzələ ocağının dərinliyi və mərkəzinin (episentrin) yerləşdiyi ərazidir. Venesuelada episentr quruda olmaqla yanaşı, ocaqlar cəmi 22 və 10 kilometr dərinlikdə yerləşib. Yaponiyadakı zəlzələnin episentri isə Sakit okeanda olub və ocaq 50 kilometr dərinlikdə qeydə alınıb.
Yeraltı təkanların intensivliyi və gücü episentrdən uzaqlaşdıqca sürətlə azalır. Məhz bu səbəbdən mütəxəssislər vurğulayırlar ki, Venesuelada olduğu kimi iri şəhərin altında baş verən zəlzələnin nəticələri, episentri yaşayış məntəqələrindən uzaqda yerləşən Yaponiyadakı zəlzələnin fəsadlarından kəskin şəkildə fərqlənir. Yaponiyada baş verən zəlzələlərin əksəriyyətinin episentri okeanda yerləşir ki, bu da binalara olan təsiri əhəmiyyətli dərəcədə azaldır. Lakin bu, digər və çox vaxt daha ciddi bir təhlükəyə - sunami yaranmasına səbəb olur. Məsələn, 11 mart 2011-ci ildə baş vermiş zəlzələ hündürlüyü 10 metrdən çox olan sunami dalğaları yaratmış və məhz bu, çox sayda insan itkisinə gətirib çıxarmışdı.
Demək olar ki, hər gün zəlzələlərin qeydə alındığı Yaponiyada yeraltı təkanların fəsadlarının minimuma endirilməsində tikinti və mühəndislik normalarının xüsusiyyəti böyük rol oynayır - müasir Yaponiya binaları vibrasiyaları udmaq və "əyilmək" xüsusiyyətinə malik olacaq şəkildə layihələndirilir. Bu standartlara riayət olunması ciddi dövlət nəzarəti altındadır və qaydalar daim yenilənir.