Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yarışda hicabını çıxaran iranlı şahmatçı təhdid olundu - FOTO
Almatıda keçirilən şahmatın rapid və blits növü üzrə dünya çempionatında başıaçıq çıxış edən şahmatçı Sara Xadem immiqrasiya məlumatını təsdiqləyib və bir gün İrana qayıtmaq niyyətində olduğunu bildirib.
“Qaçqın olduğum barədə söz-söhbətlər yayılıb. Bunu açıqlamaq istəyirəm. Mən qaçqın deyiləm. Əslində buna ehtiyac yoxdur. Uzun illər öz sahəmdəki uğurlarım və həyat yoldaşım sayəsində heç vaxt sığınacaq sorğusu vasitəsilə yaşayış icazəsi almaq barədə narahatlıq keçirməmişəm. Bizim immiqrasiyamız ailə qərarıdır, siyasi mahiyyət daşımır. İran hələ də bizim ilk evimizdir və biz mütləq İrana lazımi vaxtda qayıdacağıq”, - deyə Sara Xadem bildirib.
Xadem Almatıda keçirilən dünya çempionatında İran hesabına deyil, öz vəsaiti hesabına iştirak etdiyi barədə məlumatı da təsdiqləyib.
“Buraya hökumətin, şahmat federasiyasının və ya dövlətin pulu hesabına gəlməyimə gəlincə, səkkiz yaşımdan atamın alın təri ilə qazandığı pul və yarışlarda qalib gələrkən aldığım pul mükafatı hesabına şahmat turnirlərində iştirak edirəm. Əcnəbi məşqçilər üçün böyük xərcləri şəxsən öz cibimdən ödəmişəm”, - deyə Xadem bildirib.
Qeyd edək ki, buna qədər “El País” qəzeti S.Xademin və həyat yoldaşı, İran-Kanada kinorejissoru Ərdəşir Əhmədinin İspaniyada yaşamaq qərarına gəldiyini yazmışdı. Onların İspaniyada mənzili olduğu vurğulanır.
“Reuters” öz mənbələrinə istinadla bildirib ki, Xadem artıq İspaniyadadır. O, hələ Almatıda olarkən turnir bitdikdən sonra evə qayıtmaması barədə bir neçə telefon hədəsi alıb. Xademin İranda olan qohumları və valideynləri də təhdidlərə məruz qalıblar.
“Telefon zəngləri ona gətirib çıxarıb ki, təşkilatçılar Qazaxıstan polisinin köməyi ilə şahmatçının təhlükəsizliyini təmin etmək qərarına gəliblər, nəticədə dörd nəfər Xademin mehmanxanasında mühafizəçi qismində keşik çəkib”, - deyə vurğulanıb.
Xatırladaq ki, iranlı şahmatçı Almatıda keçirilən çempionatda başıaçıq çıxış edib. Bu, İslam Respublikasının sərt dress-koduna ziddir. İran rejimi Xademin bu addımını son üç ayda ölkədəki etirazlarla həmrəylik əlaməti hesab edib.
Mənbə: İnform Buro
Rəylər