Fransa Yaxın Şərq münaqişəsi nəticəsində 4-6 milyard avro civarında ziyana düşüb.
Oxu.Az xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Rolan Leskyür RTL telekanalının efirində deyib.
"Bu, böhranın hazırkı mərhələsində xərclərin miqyasıdır. O cümlədən faiz dərəcələrinin artması səbəbindən bahalaşan borc kapitalının dəyərinə 3.6 milyard avro məbləğində təsir də bura daxildir", - deyə nazir bildirib.
Nazirlə müsahibə dövlət maliyyəsi komitəsinin iclası ərəfəsində baş tutub. Yerli medianın ehtimalına görə, toplantıda Yaxın Şərq münaqişəsinin iqtisadi nəticələri ilə əlaqədar əlavə qənaət tədbirləri barədə qərar qəbul edilə bilər.
"Biz heç nəyi ləğv etmək niyyətində deyilik, lakin ehtiyat tədbirlər görmək məcburiyyətində qala bilərik. Texniki baxımdan buna dondurulma deyilir. Biz xərcləri dondururuq, vəziyyət yaxşılaşarsa sonra həmin vəziyyətdən çıxara bilərik", - deyə nazir mövqeyini izah edib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.