ABŞ Dövlət Departamenti dünyada, xüsusilə Yaxın Şərqdə yaşayan amerikalılara İranla bağlı yarana biləcək təhlükələr səbəbindən yüksək ehtiyatlılıq nümayiş etdirməyi tövsiyə edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Bildirilib ki, Yaxın Şərqdə artan gərginlik fonunda təhlükəsizlik vəziyyəti mürəkkəb olaraq qalır və gözlənilməz eskalasiya ehtimalı yüksəkdir. Dövlət Departamenti bölgədəki vətəndaşlarını xəbərləri daim izləməyə və ictimai-siyasi hadisələrdən xəbərdar olmağa çağırıb.
"ABŞ-nin xaricdəki diplomatik obyektləri, o cümlədən Yaxın Şərqdən kənarda yerləşən nümayəndəliklər hücum hədəfi ola bilər. İranı dəstəkləyən qruplaşmalar ABŞ-nin müxtəlif ölkələrdəki maraqlarına və ya ölkə ilə əlaqəli obyektlərə qarşı addımlar ata bilər", - deyə bəyanatda qeyd olunub.
Qurum xaricdə olan amerikalılara yerli ABŞ səfirlikləri və konsulluqlarının təhlükəsizlik tövsiyələrinə ciddi əməl etməyi məsləhət görüb. Həmçinin, artan gərginliyin aviareyslərin ləğvinə və hava məkanının vaxtaşırı bağlanmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.