"Hindistanda yeni yayılan ölümcül Nipah virusu simptomsuz da ola bilər".
Oxu.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi Tarik Jazareviç Rusiya mətbuatına verdiyi müsahibədə bildirib.
"İnsanlarda Nipah virusu asimptomatik infeksiyadan (subklinik) kəskin respirator infeksiyaya və ölümcül ensefalitə qədər geniş klinik təzahürlərə səbəb olur", - deyə ÜST nümayəndəsi bildirib.
Jazareviç əlavə edib ki, virus heyvanlardan insanlara ötürülə bilər. Nipahın çirklənmiş qida və ya birbaşa insanlarla təmas yolu ilə, o cümlədən səhiyyə müəssisələrində yayılması mümkündür.
Qeyd edək ki, daha əvvəl Hindistanda beş Nipah virusuna yoluxma halının qeydə alındığı bildirilmişdi.
Qərb mediasının yoluxma hallarının artması ilə bağlı xəbərlərinə baxmayaraq, Hindistan hökuməti heç bir yeni halı təsdiqləməyib. Yoluxma halları ilə bağlı xəbərlər fonunda Vyetnam, Sinqapur və İndoneziya da daxil olmaqla Asiya ölkələri sanitar nəzarət tədbirlərini gücləndiriblər. ÜST Nipahı dünyada ən təhlükəli viruslardan biri hesab edir. Xəstəliyin heç bir peyvəndi və ya spesifik müalicəsi yoxdur. Simptomlara qızdırma və ağır beyin zədələnməsi (ensefalopatiya) daxildir və ölüm nisbəti 75%-ə çata bilər.