Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2013-cü ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclası keçirilib. İclası açan nazir Yavər Camalov 2013-cü ildə respublikanının iqtisadi və ictimai-siyasi həyatında baş verən uğurlardan danışıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytında yerləşdirilib.
Ötən il 2012-ci illə müqayisədə nazirlik üzrə istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 3,7% artıb. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900-ü ötüb.
2013-cü ildə 107 mm-lik 12 lüləli yaylım atəşli reaktiv sistemin, şəffaf patron daraqlarının, 120 mm-lik döyüş minasının və digər məmulatların yaradılması işləri tam başa çatdırılıb, seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyə olunub.
Eləcə də, “BRDM-2” və “BTR-70” tipli zirehli texnikaların sınaqları başa çatdırılıb və sifariş olunan sayda təkmilləşdirilərək respublikanın güc qurumlarına təhvil verilib. Aviasiya bombalarının nümunələri hazırlanıb, sınaqları keçirilərək onların seriyalı istehsalının təşkili istiqamətində işlər aparılır.
“Matador” və “Marauder” tipli zirehli nəqliyyat vasitələrinə 14,5 mm-lik pulemyotla təchiz edilmiş döyüş modulları quraşdırılıb. “Orbiter-2M” tipli pilotsuz uçuş aparatları üzrə 10 sistemin bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilib.
Beynəlxalq sərgilərdə nümayiş olunan məmulatlara qarşı artan maraq sayəsində Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq еtmək istəyən ölkələrin və onların şirkətlərinin sayı artmaqda davam edir.
Bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş dövlətlərinin 60-dan çox şirkət və firması ilə sıx əməkdaşlıq edir.
Tabeli müəssisələrdə müdafiə təyinatlı məmulatlar üzrə istehsal sahələrinin genişləndirilməsi ilə yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır.
2007-ci illə müqayisədə 2013-cü ildə mülki məmulatların istehsal həcmində 2 dəfə artım əldə olunub, çeşidlərin sayı 450-ni ötüb.