Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ehtiyatda olan polkovnik: "Onlar məni göydə axtarırmışlar, yerdə əllərinə düşmüşəm"
"Sürücülük vəsiqəsi olmayan, texnikanı tanımayan və istifadə etməyən əsgər 100 kilometrdən çox məsafəni qət edərək döyüş tapşırığını yerinə yetirməyə çalışırdı. Maşınların az qala milyon nöqsanı vardı, amma belə bir vəziyyətdə bizim uşaqlar o texnika ilə düşmənə qarşı vuruşurdular. Deməli, kənd camaatı deyirdi ki, biz oraya gələnə qədər düşmən vertolyotları çox aşağıdan uçaraq kənd sakinlərini təlaşlandırırdılar. Lakin biz həmin ərazidə mövqeləndikdən sonra vertolyotlar daha hündürdən uçmağa başladılar. Düşmən kəşfiyyatı işləyəndən və bizim orada olduğumuzu müəyyən edəndən sonra ehtiyat edirdilər".
Bunu Oxu.Az-a müsahibəsində Birinci Qarabağ müharibəsi illərində ordu korpuslarının birində Hava Hücumundan Müdafiə rəisi, Ali Hərbi Məktəbin fakültə rəisi olmuş, 35 ilini hərbi xidmətə həsr etmiş Silahlı Qüvvələrin veteranı ehtiyatda olan polkovnik Aydın Quliyev deyib. Onunla müsahibəni təqdim edirik:
- Cənab polkovnik, o vaxt sizin bölük necə və hansı heyətlə yarandı, döyüş tapşırıqlarını hansı istiqamət üzrə həyata keçirməyə başladınız?
- Biz keçmiş 702 saylı hərbi hissənin 727-ci zenit-raket artilleriya divizionu adlanırdıq. 1992-ci il fevralın 15-də yarandı. O zaman Azərbaycan Ordusu hələ təzə formalaşma dövründə idi. O zaman 701 saylı hərbi hissənin təməli qoyulmuşdu, bir də 702 saylı hərbi hissə yaranmışdı. 702 saylı hərbi hissənin də elə birinci döyüşə gedən bölməsi bizim 727-ci divizionun batareyası olub. O vaxt mən baş leytenant idim və divizionun da komandiri olmuşam. 1992-ci ildə döyüş tapşırığını yerinə yetirmək üçün getdiyimiz ilk istiqamət isə Laçın olub.
1992-ci ilin əvvəllərində artıq SSRİ adında ölkə mövcud deyildi. Bu səbəbdən sovet ordusunda xidmət keçdiyim hərbi hissədə bölməmi təhvil verib, Azərbaycan Ordusunda xidmət etmək üçün Müdafiə Nazirliyinə müraciət etdim. Silahlı Qüvvələrin ozamankı Baş Qərargah rəisi general-mayor Şahin Musayevin qəbulunda oldum və 702 saylı hərbi hissənin I taborunun II bölüyünün komandiri vəzifəsinə təyinat aldım. Təyinat aldığım hərbi hissə komandirinə təqdim olunmaq üçün Biləcəri toplanıș məntəqəsinə yollandım. Həmin ərazidə onu soraqlayan zaman tanımadığım iki zabit mənə yaxınlaşdı (onlardan biri polkovnik-leytenant Fəxrəddin Əliyev, digəri isə adını unutduğum polkovnik-leytenant Cəfərov idi). Əvvəl elə bildim, axtardığım hərbi hissə komandiri onlardan biridir. Onlar mənim kim olduğumu biləndən sonra sevinclərini gizlətmədilər və həvəslə bildirdilər: "Bizə elə sən lazımsan!"
Əvvəl heç nə anlamadım, əlimdə Baş Qərargah rəisinin təyinat vərəqi var, gəlmişəm hərbi xidmətimi davam etdirmək üçün özümü təqdim edim, lakin hərbi hissə komandirini tapa bilmirəm. Bu vaxt həmin dönəmdə Azərbaycan Ordusunun Artilleriya rəisi və Hava Hücumundan Müdafiə rəisi (yaxud bu vəzifəni icra edən) polkovnik Niçipurenko bizə yaxınlaşdı. O, zabitlərdən mənim kim olduğumu soruşdu. Biləndə ki kiməm, polkovnik də sanki məmnun oldu. Mənə baxıb digər iki zabitlə eyni fikirdə olduğunu bildirdi. Onların sözlərindən belə başa düşdüm ki, məni göydə axtarırmışlar, yerdə əllərinə düşmüşəm. (gülür) Nəhayət, polkovnik Niçipurenkoya izah etdim ki, özüm ixtisasca motoatıcıyam, əlimdə təyinat vərəqi var və komandirimi axtarıram.
- Nə üçün birinci Laçına göndərildiniz?
- Səbəb o idi ki, ermənilər hərəkətə keçmişdilər. O dövrdə Laçın yolu deyilən istiqamət bağlı idi. Yəni Laçın, Kəlbəcər bizdə idi. Ermənilər də öz qüvvələrini təmin etmək məqsədilə hava yolu vasitəsilə nəsə etməyə çalışırdılar. Bu hava yolunun qarşısını almaq üçün o vaxt "Mi-8" vertolyotlarından istifadə olunmalı idi, bunları isə sovet ordusundan götürmək mümkün deyildi. Bizim komandanlıq, müdafiə naziri qərar qəbul etdilər ki, hansı vasitələr varsa, onları da tapsınlar. Dörd ədəd 14.5 mm-lik KPVT (iriçaplı pulyemyotun adı) cütləşdirilmiş zenit qurğusunu tapıb maşınların üzərinə quraşdırdılar. Bizim bölmə bu qurğuları Laçına doğru apardı. Təxminən yeddi saatlıq bir yol oldu.
O vaxt Müdafiə Nazirliyi müvəqqəti olaraq Şəhriyar adına klubun binasında yerləşirdi. Polkovnik Niçipurenko məni Baş Qərargah rəisinin yanına apardı. Polkovnik məni təqdim edəndə dedi ki, hələlik respublikanın hava sərhədlərini müdafiə etmək üçün batareya komandirini sizə təqdim edirəm. Baş Qərargah rəisi mənə nəzər yetirib: "Mən bu zabiti tanıyıram. İnanıram ki, o özünü doğruldacaq", - dedi. Həmin gündən xidmətin sonuna qədər Hava Hücumundan Müdafiə Qoşunlarında çalışdım.
Sonra məlum oldu ki, ölkə rəhbəri Baş Qərargah rəisinə tapşırıq qoyub ki, Qarabağla Ermənistanın əlaqələrini tamam kəsmək üçün hava hücumundan müdafiə hərbi hissəsi yaradılsın və sərhəd boyu döyüş növbətçiliyinə qoyulsun. Bu tapşırıq təcili icra edilməli idi. Çünki o vaxt Ermənistanla Qarabağ erməniləri arasında quru yol əlaqəsi tamamilə kəsilmişdi deyə düşmən nəqliyyat vasitəsi kim yalnız vertolyotlardan istifadə edirdi. Bütün daşınmalar bu nəqliyyat vasitəsilə həyata keçirilirdi. Beləliklə, mənim ilk təyinatımı dəyişdilər və hərbi hissə komandiri polkovnik-leytenant İsa Qasımova təqdim etdilər. Bundan sonra mən komandirlə birlikdə Biləcəri toplanış məntəqəsinə qayıtdım. Bir neçə gün ərzində toplanan heyətin tərkibi bir neçə dəfə dəyişdi.
- Səbəb nə idi? Bu cür heyətlər könüllü istək əsasında olurdu ki?
- İşlərin belə bir məcraya gələcəyini düşünməmişdilər. Təəssüf doğuran məqam o idi ki, əsgərlər zenit kompleksindən istifadə qaydasını bilmirdilər. Ordu kimi formalaşmamışdıq və peşəkar heyət yox idi. Çoxu müəllimlər, qeyri-ixtisas sahibləri olsa da, əli silah tutan vətənpərvər ruhlu insanlar idi. Şəxsi heyəti yığmaq özü böyük zəhmət tələb etdi. Mən üç dəfə heyəti toplayıb dağıdandan sonra dedim ki, üç gündən sonra Laçına gedirik, kim müharibəyə getmək istəyirsə, gəlsin. Bu sözə cavab olaraq irəli atılan ilk 14 nəfərlə biz Laçına yola düşdük.
- Laçına hansı təchizatla getdiniz?
- Şəxsi heyəti komplektləşdirəndən sonra batareyanın maşın və texnika, müvafiq silahlarla təchizatına başladıq. Bizim üçün ayrılan dörd ədəd "Ural-4320" markalı maşın Biləcəri avtomobil parkında artıq bizi gözləyirdi. Onların üzərində ZPU 14.5-2 tipli zenit pulemyotu üçün qurğu da quraşdırılmışdı. Pulemyotları isə Şəhriyar adına klubun zirzəmisindən təhvil aldıq. Orada bizə şəxsi heyəti silahlandırmaq üçün təzə, hələ üstündəki yağı təmizlənməmiş AKM tipli "Kalaşnikov" avtomatları da verdilər. Şəxsi heyətin arasından sürücü olanları ayırdıq, lakin onların heç birinin üstündə sürücülük vəsiqəsi yox idi. Batareyanın şəxsi heyətinə daxil edilmiş əsgərlərin vətənpərvərlikdən başqa bir üstün cəhəti də onların əksəriyyətinin sovet ordusunda altı, doqquz ay, bir il xidmət keçməsi idi.
- Bəs texnikalara qulluq üçün mütəxəssislər, digər təchizat necə oldu?
- O vaxt əldə olan nə idisə, ondan da istifadə edirdik. Həmin dövrdə ordunun hərbi texnika və sursat baxımından çox ciddi problemləri vardı. Sürücülər naşı, yol uzaq, yanacaq az. Ən əlverişli yolu seçmək lazım idi ki, Laçına sağ-salamat çataq. Yola da bələd deyildik. Maşınların da əyləc sistemi işləmir, işıqları yanmırdı, gecə yolda göz-gözü görməyəcəkdi. Elə onda ümumi vəziyyəti nəzərə alan rəhmətlik polkovnik Balağa Rzayev təklif irəli sürdü ki, Bibiheybət dəmiryol stansiyasında hərbi eşelon yaradıb, maşınları platformalara yükləyərək Zəngilanın Mincivan stansiyasına qədər aparmaq olar. Oradan da maşınlarla Laçın istiqamətinə hərəkətini təmin etmək lazım idi. Mən xahiş etdim ki, bizə Mincivandan Laçına doğru yolu doğru-düzgün tanıyan, ərazilərə bələd olan bir nəfər versinlər. Onlar da bizə Şuşada xidmət keçən, məzuniyyətdən hərbi hissəyə qayıdan müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) Aydın Həsənovu və Laçın taborunda xidmət edən bir əsgəri təhkim etdilər. Beləliklə, 14 nəfər şəxsi heyətdən, üstündəki qurğulara ZPU-14,5-2 tipli zenit pulemyotları quraşdırılmış dörd ədəd "Ural-4320" və "ZiL-131" markalı təminat maşınından ibarət batareya Laçın istiqamətində hərəkət etməyə hazır vəziyyətə gətirildi.
- Şəxsi heyət arasında o qurğulardan istifadə qaydasını sərrast bilənlər var idi?
- Təəssüf doğuran məqamlardan biri də bu idi. Yola düşməmişdən öncə komandanlığa belə bir təklif verib xahiş etmişdim ki, Üçtəpə poliqonunda atış təlimi keçirək. Eləcə də maşınlara aidiyyəti üzrə texniki xidmət göstərək, yağına, mühərrik hissəsinin hansı vəziyyətdə olmasına baxaq və s. Lakin vaxt məhdudiyyəti olduğunu bildirərək təklifimi qəbul etmədilər.
Laçın bölgəsinə yola düşən ilk zenit-artilleriya batareyasının şəxsi heyəti aşağıdakı şəxslərdən ibarət olub:
Baş leytenant Aydın Qulu oğlu Quliyev - batareya komandiri, MAXE çavuș Hasənov Aydin Cəlal oğlu - taqım komandiri, birinci heyətdə əsgər Zahir Surxay oğlu Səmədov - qrup komandiri, əsgər Anar Niyazi oğlu Zeynalov - tuşlayıcı, kiçik çavuş Afər Mirzəli oğlu Mikayılov - sürücü; ikinci heyətdə əsgər Etibar Ağaşirin oğlu Şirinov - qrup komandiri, əsgər Əkbər Həsən oğlu Abdullayev - tușlayıcı, əsgər Adil Yelmar oğlu Qasımov - sürücü; üçüncü heyətdə isə kursant Elçin Rəfiyev - qrup komandiri, əsgər Natiq Mayıl oğlu Rəhmanov - tuşlayıcı, əsgər Vüqar Abdullayev - sürücü, dördüncü heyətin tərkibində isə çavuş Tanrıverdi Oruc oğlu Bayramov - qrup komandiri, əsgər Elman Qırxlar oğlu Teymurşahov - tuşlayıcı, əsgər Elşən Orucəli oğlu Hüseynquluzadə - sürücü.
- Bibiheybətdən 13 fevral 1992-ci ildə yola çıxıb 14-ü gecə saat 3 radələrində Zəngilanın Mincivan stansiyasına çatdınız. Bəs sizi kim qarşıladı?
- Sürücülərimiz səhər saat 8 radələrində bizi Laçının Fətəli Pəyəsi kəndinə çatdırdılar. Orada isə bizi Laçın taborunun komandiri kapitan Arif Paşayev qarşıladı. Mən orada da heyətin zenit kompleksindən heç vaxt atəş açmadığını bildirərək, sınaqdan keçirilməsi üçün şərait yaradılmasını rica etdim. Fevralın 15-də səhər şəxsi heyət silah-sursata baxış və texniki qulluq həyata keçirməyə başladı. Elə ilk dəfə də o gün düşmənin vertolyotlarının həmin ərazidən uçuşlar həyata keçirdiyini xəbər aldıq. Beləliklə, Laçın şəhəri üzərində peyda olan düşmən vertolyotları ilk dəfə 1992-ci ilin 15 fevral tarixində tərəfimizdən atəşə tutuldu. Elə o gün rəsmi olaraq divizionumuzun yaranma günü kimi tarixə keçdi.
Komandir olaraq mənim qarşıma Laçın yolunun səkkiz kilometrlik hissəsinin qorunması tapşırılmışdı. Xəritə üzərində hər iki kilometrdən bir zenit qurğularının yerləşdiyi ərazilər qeyd edilmişdi. Biz elə ilk dəfə orada yerli taborun ifasında "Laçın taborunun marşı"nı eşitdik.
Döyüş tapşırıqlarını yerinə yetirdiyimiz dövr ərzində ehtiyatda olan polkovnik-leytenant Çingiz Ələkbərovun batareyası da Qubadlı, Laçın istiqamətinə getdi. Sonra Çingiz müəllimin bölməsi Qubadlıdan çıxdı, Zəngilana istiqamətləndi. Orada tapşırıq yerinə yetirərkən artıq uçuşlar başladı. Seyidlər kəndi istiqamətində ağır döyüşlər oldu. Ora çox çətin mövqe idi. Çingiz müəllimin bölməsi öz texnikası ilə düşmənlə yaxın təmasda vuruşur, eyni zamanda da hava hücumundan müdafiə tapşırıqlarını yerinə yetirirdi.
Bilirsiniz, bizim döyüşdə olduğumuz dövrdə ixtisaslaşma yox idi. Hər kəs bacardığı işi görərək bölüyə dəstək olurdu. Mənim batareyam Laçının işğalı dövründə olduğumuz kənddən əhalini təxliyə etməyə çalışdı. Sonra bir müddət orada qaldıq, gördük ki, tam boşluqdur, heç kəs yoxdur, ondan sonra Çingiz Ələkbərovun batareyasının yanına getdik.
- Bildiyim qədər, bu "Laçın taborunun marşı"nın da maraqlı yaranma tarixçəsi var?
- 1992-ci fevralında tanınmış bəstəkar Cavanşir Quliyev daxil olmaqla bir qrup incəsənət xadimi Laçına gələrək yerli taborun əsgərlərini ziyarət ediblər. Əsgərlər "Laçın batalyonunun marşı"nı ifa ediblər. Marşın sözləri bəstəkarın xoşuna gəlib. 811 saylı hərbi hissənin rabitə rəisi Əhliyyət Süleymanov mətni ona təqdim edib. Marşın sözləri türk şair Əli Kamiyə məxsus olub. Bəstəkar Cavanşir Quliyev bir müddət sonra bu sözlərin üzərində məşhur, hamının sevimli musiqisinə çevrilən "Əsgər marşı"nı bəstələyib. Deyilənə görə, marşın sözləri Osmanlı ordusunda oxunan "Türk əsgərinin not kitabı" adlı kitabçada olan "Alay marşı"na istinadən hazırlanıb.
- Düşmən vertolyotlarını zenit qurğuları ilə vuran zaman itkilər olurdumu?
- Sürücülük vəsiqəsi olmayan, texnikanı tanımayan və istifadə etməyən əsgər 100 kilometrdən çox məsafəni qət edərək döyüş tapşırığını yerinə yetirməyə çalışırdı. Maşınların az qala milyon nöqsanı vardı, amma belə bir vəziyyətdə bizim uşaqlar o texnika ilə düşmənə qarşı vuruşurdular. Deməli, kənd camaatı deyirdi ki, biz oraya gələnə qədər düşmən vertolyotları çox aşağıdan uçaraq kənd sakinlərini təlaşlandırırdılar. Lakin biz həmin ərazidə mövqeləndikdən sonra vertolyotlar daha hündürdən uçmağa başladılar. Düşmən kəşfiyyatı işləyəndən və bizim orada olduğumuzu müəyyən edəndən sonra ehtiyat edirdilər. Qubadlı ilə həmsərhəd kəndə, Kəlbəcərlə həmsərhəd olan kəndlərə bölündük və mövqeləndik.
Əsasən, Laçının Qorçu kəndində batareya formasında tam heyətlə toplandıq. Fevralın sonu - martın əvvəlində biz bu kənddə üç qurğudan düşmən tərəfi atəşə tutduq. Vəziyyətin onların xeyrinə olmadığını başa düşən ermənilər bizim zenit qurğumuzu vuraraq sıradan çıxarmağa çalışdılar. Lakin onların bu cəhdi alınmadı. Biz düşmən hücumunun qarşısını aldıq. Həmin ərəfələrdə artıq Xocalı hadisələri baş vermişdi. Hətta bizim eşitdiyimizə görə, düşmən Xocalıda əsir götürdüyü soydaşlarımızı yaxınlıqdakı kənddə saxlayırdı. Düşmənın həmləsindən sonra biz Qorçu, Oğuldərə, Kürdhacılı və digər kəndlərdə səyyar hava hücumundan müdafiə taktikasından istifadə etməyə başladıq. Biz tez-tez taktiki gedişlər edir, yerimizi dəyişdiyimiz üçün düşmən bizi izləyə bilmirdi.
1992-ci il mart ayının 15-18-i tarixlərində Laçın və Qubadlı rayonlarında döyüş tapşırığını yerinə yetirmək üçün divizionun digər batareyaları göndərildi. Bu batareyalar artıq "Strela-2" tipli daşınan zenit-raket kompleksləri ilə təmin olunmuşdular. Hətta 15 fevral 1992-ci ildə yeni silah və batareyalarla yanaşı, diviziona dörd əsgər də təhkim edildi. Onlar çavuş Habil Bilalov, əsgər Canbala Bəşirov, əsgər Mirzə Cəbrayılov, Zəkrulla Sərdarov idi.
- Bəs şəxsi heyətin qidalanması, yataq dəsti, geyimlər necə, vaxtı-vaxtında təmin edilirdimi?
- Bəli, qidamız təmiz edilirdi. Lakin onu hazırlamaq, bişirmək məsələsi çətin idi. Buna vaxt yox idi, amma sağ olsun bizim xalqımız. Biz yeməkləri hazır halda yerli sakinlərdən götürürdük. Yataq dəstlərimiz yox idi, yenə sakinlər kömək edirdilər, qab-qacaq yox idi - sakinlər kömək edirdilər. Amma geyimlərimiz verilirdi, gərək düzgün danışasan.
- Sizin hərbi hissədən 27 şəhid olduğu deyilir, doğrudurmu?
- Doğrudur, biz 27 şəhid verdik. Ümumilikdə Laçından başlayan döyüş tapşırıqlarımız Qubadlı, Zəngilan, Kəlbəcər, Ağdərə və Füzuli istiqamətlərində yekunlaşdı. Bizim şəhidlərin sayı ilə hərbi hissənin nömrəsi arasındakı simvolik təsadüf bizi çox təsirləndirir - 727 və 27... Vətən torpağının səmasını düşməndən qoruyan cəsur, igid oğullarımızın ruhu bu gün şaddır. Hətta onların şərəfinə söz və musiqisi mənə aid olan "Zenitçi marşı"nı yazmışam. Onu biz o vaxt irəli gedəndə oxuyaraq döyüş tapşırıqlarını yerinə yetirmişik.
Zenit-raket artilleriya divizionunun yaranmasının ildönümlərində biz ənənəvi olaraq şəhidlərimizin ruhunu yad edir, məzarlarını ziyarət edirik. 27 şəhidimizdən səkkizi Bakı şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb: baş leytenant Etibar Xasay oğlu Qocayev, çavuş Asif Xasay oğlu Məmmədov, əsgər Rüstəm Qulu oğlu Quliyev, əsgər Rasim Səfər oğlu Eldarov, əsgər Fərhad Hamid oğlu Hüseynov, çavuş Yaşar Telman oğlu Əzimov, əsgər Nazim Şahbaz oğlu Şirinov, əsgər Eldar Əbülfəz oğlu Məmmədov.
Divizion ilk iki şəhidini 15.05.1992-ci il tarixində Laçın rayonunun Cağazur kəndi uğrunda gedən döyüşlərdə verib. Daha iki şəhid Zəngilanda, bir şəhid Ağdərədə, bir şəhid Kəlbəcərdə, qalan 21 şəhid Füzuli bölgəsində gedən döyüşlərdə əbədiyyətə qovuşub. Sonuncu 21 şəhidin 12-si isə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə həlak olub. 27 şəhidin biri zabit, 26-sı isə çavuş və əsgərlər olub. Şəhidlik məqamına qovuşanda onların ən kiçiyinin 19, ən böyüyünün isə 36 yaşı olub. Bundan başqa, döyüşlərdə yaralanmış 16 zenitçinin doqquzuna əlillik dərəcələri verilib.
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub-saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib (ölümündən sonra). Bu məsələyə münasibətinizi bilmək istərdim. Başqa hansı belə qəhrəman oğullarımızın adını çəkmək olar?
- Mən buna hədsiz çox sevindim. O oğul barədə oxuyurdum, çox heyifsilənirdim ki, onu çox adam tanımır. Lakin bu onun əyani sübutudur ki, bu vətən üçün canından keçən, torpağını sevən heç bir oğul diqqətdən kənarda qalmır. Təbii ki, Namiq kimi oğullarımız çoxdur, igid, şücaəti ilə seçilən. Amma mən komandir olaraq əsgərlərimizi, şəxsi heyətimdə olan heç kimi bir-birindən ayıra bilmərəm. Komandir olmaq çox çətindir. Vətən üçün, torpaq üçün qərar qəbul etməlisən. Bu qərarı verərkən düşünmək üçün zamanın bir saniyədir. Çox çətindir, amma nəticə önəmlidir. Müharibə varsa, itki olacaq. Lakin verilən itkinin gətirdiyi nəticə önəmlidir. Əgər o itki, o canlar daha böyük itkilərin qarşısını alırsa, məyus olsaq da, bu, müharibənin yazılmamış qanunlarıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
- Bu gün Azərbaycan Silahlı Qüvvələri yaranmasının 106-cı ildönümünü qeyd edir. Ordumuzun döyüş hazırlığını, texniki təchizat baxımından vəziyyətini necə qiymətləndirirsiniz?
- Əvvəlcə onu deyim ki, o vaxt Heydər Əliyev Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması barədə tapşırıq verməklə gələcək güclü ordunun təməlini qoydu. İndiki ordumuzla o dövrdə döyüşən əsgərlər arasında dağ qədər fərq var. Bu gün ordumuz istər hərbi hazırlıq, istər təchizat baxımından irəlidədir. Ordumuzun gücü dünya ölkələrinin dilindədir. İkinci Qarabağ müharibəsində iştirak edən igidlər arasında da 19-20, 30-35 yaşlı oğullar olub. Onlar silahlardan istifadə qaydasını məktəbdə, digər təhsil müəssisələrində, hərbi hissələrdə öyrəniblər. Müasir dövrdə hər şey daha da təkmilləşib. Təlim-tərbiyə, nizam-intizam öz yerində, istər ordunun geyimləri, istərsə də zirehli texnika, avtomat və digər zəruri avadanlıqlarla təchizatı yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyev bütün bu nüanslara xüsusi diqqət ayırır.
Könül Cəfərli
"Azərbaycan Silahlı Qüvvələri" teqi üzrə xəbərlər
- Silahlı Qüvvələrin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı yaş həddi azaldılır
- Hərbi qulluqçuların xidmətinin son yaş həddi azaldılır
- "Minatəmizləmə fəaliyyəti haqqında" yeni qanun layihəsi son oxunuşda qəbul edilib
- Tarix yazan polkovnik-leytenantın atası: "O özü şəhadətə ucalana qədər bir şəhid belə verməyib"
- Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI