Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Meksikanın Azərbaycandakı səfiri: "İlhamverici qadınlar kampaniyasını davam etdirəcəyik"
Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero: "Dünya diplomatiyasında getdikcə daha çox qadın rəhbər və qərarvermə vəzifələrini tutur. Meksikada 2024-cü ildə Klaudiya Şeinbaumun ölkə tarixində ilk qadın prezident kimi seçilməsi bir dönüş nöqtəsi və gender bərabərliyi mövzusunda əhəmiyyətli irəliləyiş olub".
"Mən Azərbaycan cəmiyyətindəki fəal qadınları tanıyıram. Onların cəmiyyətə yararlı işlərini müşahidə edirəm. Onlar öz işlərinə məsuliyyətlə yanaşırlar". Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero "Kaspi"yə müsahibəsində ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq, ikitərəfli əlaqələrin inkişaf yolları ilə bərabər, qadınların muxtariyyəti üçün gördükləri işlərdən də danışıb.
Oxu.Az həmin müsahibəni təqdim edir:
Feminist xarici siyasət
- Xanım səfir, "Forbes Woman" iddia edir ki, diplomatiya daha çox kişi dünyasıdır, nəinki qadın. Fəaliyyətinizlə bu fikirlərin yanlış olduğunu sübut etmisiniz demək olarmı?
- Diplomatiya kişilərin əksəriyyət təşkil etdiyi bir sahə olub, lakin bu gün əhəmiyyətli dəyişikliyin şahidiyik. Dünya diplomatiyasında getdikcə daha çox qadın rəhbər və qərarvermə vəzifələrini tutur. Meksikaya gəldikdə, 2024-cü ildə Klaudiya Şeinbaumun ölkə tarixində ilk qadın prezident kimi seçilməsi bir dönüş nöqtəsi və gender bərabərliyi mövzusunda əhəmiyyətli irəliləyiş olub. Onun prezidentlik postuna gəlməsi stereotipləri qırmaqla yanaşı, demokratiyanın möhkəmləndirilməsi və qərar qəbuletmədə qadınların iştirakını simvolizə edir. Digər tərəfdən, feminist xarici siyasət Meksika diplomatiyasının mərkəz elementinə çevrilərək, daha ədalətli və firavan bir cəmiyyətin qurulması məqsədilə qlobal səviyyədə qadınlar və qız uşaqlarının hüquqlarını təşviq etmək, bütün beynəlxalq münasibətlərdə gender yanaşmasını tətbiq etmək məqsədini daşıyır. Tarixən Meksika regional və beynəlxalq səviyyədə gender bərabərliyinin carçısı olub. 1975-ci ildə qadınların dünya konfransına ev sahibliyi edib. Biz hər zaman qadınların muxtariyyəti üçün açar mövzuları müdafiə etmişik.
- Azərbaycandakı qadınların fəaliyyətini necə müşahidə edirsiniz?
- Azərbaycandakı fəaliyyətim dövründə müşahidələrimi konkret misallarla izah etmək üçün sosial şəbəkələrdəki kampaniyamızı qeyd edə bilərəm. Hər həftə səhiyyə, idman, incəsənət və sair sahələrdə fərqlənmiş meksikalı və azərbaycanlı qadınlar haqqında qısa məlumat veririk. Bununla da, mədəniyyətlərinə sevgi ilə yanaşan qadınlarımız arasında oxşarlıqları vurğulayaraq, onların yeni nəsil qadın və qız uşaqları üçün nümunə olmaqları qeyd olunur. Həm Azərbaycanda, həm də Meksikada qadınların müxtəlif sahələrdə töhfəsini araşdırır və yüksək qiymətləndiririk. Hesab edirik ki, bu cür qadınların ictimai həyatda fəal olması cəmiyyətin rifahına yönəlir. Necə ki, siz jurnalist xanım olaraq öz qurumunuzu təmsil edirsiniz, eləcə də yüzlərlə, minlərlə xanım öz ölkələrinin mənafeyini qorumaqdadırlar.
Azərbaycanda meksikalı xanımlar özlərini çox güvənli hiss edirlər. Onların burada imkanı çatır ki, daha çox elmə, təhsilə yönəlsinlər. Meksikalı xanımlar burada ispan dilinin təbliği ilə məşğuldurlar. Biz də onlara hər cür dəstək göstəririk. Komandamızda xanımların sayı daha çoxdur. Onların məsuliyyətli və işgüzar olması mənə xoş təsir bağışlayır. Mən Azərbaycan cəmiyyətindəki fəal qadınları tanıyıram. Onların cəmiyyətə yararlı işlərini müşahidə edirəm. Onlar öz işlərinə məsuliyyətlə yanaşırlar.
Meksikanın feminist xarici siyasəti xarici siyasətdəki qərar qəbuletmədə qadınların iştirakına təkan verməyə və diplomatik işdə qadınların töhfəsini tanımağa istiqamətlənib.
- "Missiyamın digər mühüm aləti sosial şəbəkələr vasitəsilə xalq diplomatiyasıdır". Bir müsahibənizdə belə demisiniz. Cəmiyyətlərimizin bir-birini tanıması üçün onların vasitəsilə fəaliyyətinizi, layihələrinizi təbliğ etmisiniz. Yeni kampaniyalar nəzərdə tutursunuzmu?
- Elədir ki, var. Düşünürəm ki, ictimai diplomatiya bir çox sahələrdə, ələlxüsus da, mədəni, turistik və idman sahələrində bizə yardım edən bir alətdir. Bu il də ilhamverici qadınlar kampaniyasını davam etdirəcəyik. Kampaniya müxtəlif sahələrdə fərqlənən meksikalı və azərbaycanlı qadınların ölkələrimizin tarixlərindəki izini tanımağa sövq edir. Hər iki ölkənin yararlana biləcəkləri turizm və idman sahələrinin təbliğatına böyük diqqət yetirəcəyik.
Ticari imkanlardan daha yaxşı yararlanmaq üçün...
- Xanım səfir, ümumiyyətlə, Meksika ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişaf dinamikası haqqında nə deyə bilərsiniz?
- Ölkələrimizin verdiyi əhəmiyyəti əks etdirən xüsusi tədbirlər vasitəsilə son iki ildə münasibətləri möhkəmləndirməyə istimaqətlənmişik. Bu il ikitərəfli münasibətlərin 33-cü ildönümünü qeyd edirik, Meksika Səfirliyinin Bakıdakı ilk onilliyi isə artıq tamam oldu. Siyasi dialoq çox yaxşı səviyyədədir, bu il ərzində bir sıra məhsuldar səfərlərin mübadiləsi, hüquqi bazanın təkmilləşməsi və təhsil, elm, idman, mədəniyyət kimi sahələrdə əməkdaşlığın təbliğatını davam etdirməyi gözləyirik. Bizim yaxşı tərəqqimiz var və potensialı nəzərə alaraq, onu konkret nəticələrə istiqamətləndirməliyik. Həmçinin parlamentlərarası münasibətlər da vacibdir. Hazırda Meksika-Azərbaycan dostluq qrupunun üzvlərinin təyin olunmasını gözləyirik ki, onlar millət vəkili Jalə Əliyevanın sədrlik etdiyi Azərbaycan-Meksika parlamentlərarası işçi qrupu ilə təmaslara başlasınlar.
Xüsusi tədbirlərin keçirilməsi bizə Bakıda siyasi məsləhətləşmələrin dördüncü raundunu keçirməyə zəmin yaradacaq və ondan sonra yeni hədəflərə addımlayacağıq.
- Ölkələr arasında əməkdaşlıqdan danışanda təbii ki, ən mühüm prioritetlərdən biri ticarət və investisiyaların inkişafı hesabına iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Hazırkı rəqəmlər ölkələr arasında mövcud potensiala cavab verirmi?
- Son illərdə Azərbaycanla Meksika arasında iqtisadi əməkdaşlıqda mühüm irəliləyişlər olub, lakin mübadilə imkanlarından tam yararlanmaq və ticari əlaqələri möhkəmləndirmək üçün hələ də geniş potensial mövcuddur. 2024-cü ildə ikitərəfli ticarət 239.2 milyon dollara çatıb, bu isə əvvəlki illə müqayisədə 341.9% artım deməkdir. Hazırda Meksika Azərbaycanın Latın Amekrikasındakı əsas ticari tərəfdaşıdır. Meksikanın Latın Amerikasında ikinci ən böyük iqtisadiyyatı və dünya üzrə əsas ixracatçılardan biri olmağını nəzərə alaraq, daha böyük sinergetikaları inkişaf etdirə bilərik. Azərbaycanın Qafqazdakı strateji yerləşməsi və təbii sərvətlər zənginliyi var.
Müəyyən edilmiş bütün ticari imkanlardan hələ ki, tam istifadə olunmayıb. Hazırda ticari imkanlardan daha yaxşı yararlanmaq üçün Meksika və Azərbaycanın iş adamları icmaları arasında münasibətlərin genişləndirilməsi prosesindəyik. Məqsədimiz qarşılıqlı iş adamları missiyaları, assosiasiyalar arasında əlaqələri, ticarət sərgilərində iştirakı həvəsləndirmək, logistik bağlantılara təkan vermək, mal və xidmətlər mübadiləsini asanlaşdıracaq sazişləri müəyyənləşdirməkdir.
- Sizin fikrinizcə, ölkələrimiz hansı iqtisadi sahələrdə əməkdaşlığı intensivləşdirə bilər?
- Meksika şirkətlərinin imkanlar tapa biləcəkləri bəzi sektorlar mövcuddur. Tikinti və infrastruktur sahəsi üzrə ixtisaslaşımış şirkətlərimiz irimiqyaslı layihələrdə, yolların, yaşayış binalarının və şəhər mərkəzlərinin inşasında iştirak edə bilərlər. Energetika sektoruna gəldikdə, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafında marağını ifadə edib, bu isə günəş və külək enerjisində ixtisaslaşan Meksika şirkətlərini cəlb edə bilər. Digər maraq doğuran sahə isə turizmdir, belə ki, eko-turizm, hotel sektorunun inkişafı üçün Qarabağda böyük potensial mövcuddur. Digər tərəfdən isə, Prezident Klaudiya Şeinbaum tərəfindən təqdim olunan plan 2 min xüsusi layihəyə yönlənən 277 milyard dollar yerli və xarici sərmayə portfeli nəzərdə tutub. Buraya açar sektorlar olan yüngül sənaye, avtomobil sənayesi, farmakoloji sektor, kosmik sənaye, aqrosənaye və elektromobillik sahəsi daxildir. Fürsətdən istifadə edərək Azərbaycan şirkətlərini sərmayə istiqaməti kimi Meksikanın təklif etdiyi geniş imkanları kəşf etməyə dəvət etdirəm.
Cəlbedici məhsullar təklif etmək öhdəliyi
- İkitərəfli əməkdaşlığın əsas yollarından biri təhsil əlaqələridir. Təhsil sahəsində mübadilə necədir?
- Səfirlik olaraq universitetlərarası əlaqələrin inkişafı və saziş şəbəkəsinin genişləndirilməsinə dair öhdəliyimiz var. Hazırda məqsədimiz tələbə-müəllim mübadiləsi, təqaüd proqramları, qarşılıqlı maraq doğuran mövzularda konfrans və seminarların təşkilini mümkün edəcək əməkdaşlığı təbliğ etməkdir. Həmçinin hesab edirik ki, birgə tədqiqat layihələrində əməkdaşlıq əlaqələrimizi möhkəmləndirmək üçün mükəmməl bir imkandır. Universitetlərarası əməkdaşlığın hələ də çox geniş olmadığına baxmayaraq, təhsilin beynəlmiləlləşdirilməsinə dair artan maraq bu sahədəki əlaqələri genişlədəcək.
- Turizmin inkişafından ötrü təbii ki, hər iki ölkədə tanıtım tədbirləri həyata keçirilməlidir. Sizcə, Azərbaycan insanı Meksikanı nə qədər tanıyır? Mexikonun və ölkənin "Sehrli Kəndlər"inin ölkəmizdə tanıtımı üçün hansı işləri görürsünüz?
- Bir ölkəni tanımağın giriş qapısı onun mədəniyyəti və milli mətbəxindən keçir, məhz buna görə, səfirlik olaraq Meksika ilə azərbaycanlılar arasında tanıtımı geniş şəkildə təbliğ edirik. Bu il sosial şəbəkələrdəki kampaniya vasitəsilə turizm təbliğatını daha da gücləndirəcəyik, bununla bərabər, Meksika və Azərbaycanda baş tutan beynəlxalq sərgilərdə hər iki ölkənin nümayəndə heyətlərinin iştirakını da təşviq edəcəyik. Turistik nöqteyi-nəzərdən azərbaycanlıların Meksikanı öz səyahət planlarına daxil etmələri üçün cəlbedici məhsullar təklif etmək öhdəliyimiz var.
- Bəs meksikalılar Azərbaycana nə qədər maraq göstərirlər?
- Meksikada Azərbaycan haqqında biliklər getdikcə artır. "Formula-1" yarışlarının Bakıda keçirilməsi və meksikalı pilot Serxio "Çeko" Peresin iştirakı şəhərə turizm marağını əhəmiyyətli dərəcədə artırıb. Meksika nümayəndə heyətinin üzvləri arasında rezonans yaradan digər irimiqyaslı tədbir isə keçən ilin noyabrında keçirilmiş COP29 idi ki, hər kəs şəhərdən heyran oldu. Əminəm ki, qayıtmağa tərəddüd etməyəcəklər.
- Azərbaycan kimi Meksika da özünün mədəni irsi ilə fəxr edir. Ölkələrin mədəniyyətlərinin qarşılıqlı tanıdılması üçün hansı işlər görülüb?
- Təsviri incəsənət, ədəbiyyat, kino, rəqs, musiqi, milli mətbəx və idman sahələrində geniş sayda nümunələri Azərbaycan publikasına təqdim etmək imkanımız oldu. Son iki il ərzində hökumət idarələri və instansiyaları ilə məhsuldar əməkdaşlıq əsasında mədəni təbliğat layihələrimizdə meksikalı artist və aşpazların daimi iştirakı təmin olunub. Bir sıra uğurlu tədbirlərimiz baş tutub.
Yeni texnologiyaların gücü
- Xanım səfir, hazırda dünyada sürətli dəyişikliklər baş verir - həm siyasi, həm texnoloji. Sizi sevindirən və narahat edən hansı məqamlardır?
- Şübhəsiz, həm siyasi, həm də texnoloji səviyyələrdə böyük transformasiyalar dövründə yaşayırıq. Məni ən çox həvəsləndirən məqam isə insan həyatının yaxşılaşdırılması, səhiyyə, təhsil və dayanıqlılıq kimi sahələrdə qabaqcıl həllərin yaranması, eyni zamanda, qlobal rabitənin asanlaşdırılması üçün yeni texnologiyaların gücüdür. Buna baxmayaraq, narahatlıqlar da mövcuddur. Siyasət baxımından, dünyanın bir çox regionlarında artan qütbləşmə çətinlik yaradır. Dialoqun əskikliyi və cəmiyyətdə bölgülər kütləvi həllər və razılıqların qurulmasını çətinləşdirə bilər. Meksikalı diplomat olaraq münaqişələrin həlli üçün hər zaman dialoq tərəfdarı olduğumuzu qeyd edirəm.
"Kaspi qəzeti" teqi üzrə xəbərlər
- Xərçəngdən də təhlükəli "səssiz qatil" - Orqanizmin müdafiəçisi, yoxsa düşməni?
- Elektromobillər üçün enerjidoldurma məntəqələri: Sayları artsa da, bəziləri işləmir
- Həm sürücülərin, həm sərnişinlərin şikayət etdiyi beynəlxalq magistral - ARAŞDIRMA
- Xaricdə təhsil alan azərbaycanlı: "İstədim ki, şagirdlərə nümunə olum"
- Tələbə kartları ictimai nəqliyyatda da keçərli olacaq?