Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
Fevralın 25-i dünya miqyasında Koxlear İmplant Günü kimi qeyd olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinin əməkdaşı Esmira Həsənova və Mərkəzi Klinikanın Qulaq, burun, boğaz, baş-boyun cərrahı Tural Hüseynov koxlear implantasiya ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıblar.
- Tural həkim, eşitmə itkisi hansı səbəblərdən yaranır? Bu problem daha çox uşaqlarda, yoxsa böyüklərdə müşahidə olunur?
- Eşitmə itkisi həm uşaqlarda, həm də böyüklərdə müşahidə olunur. Yaranma səbəbi uşaq və böyüklərdə fərqli faktorlara bağlıdır. Uşaqlarda anadangəlmə eşitmə azlığı bir il ərzində doğulan 1 000 uşaqdan iki və ya üç nəfərdə rast gəlinir. Sonradan qazanılan eşitmə qüsuru üst tənəffüs yolu infeksiyaları, burun tutulması, xarici qulaq yolu yad cisimləri uşaqlarda eşitmə azlığına səbəb ola bilər. Uşaqlarda sonradan yaranan eşitmə itkisi probleminə vaxtında müdaxilə edilərsə, 60% hallarda qarşısını tam almaq mümkündür.
Böyüklərdə eşitmə itkisinə daha çox rast gəlinir. 60-65 yaşdan yuxarı şəxslərin üçdəikisi yaşla bağlı eşitmə itkisi problemi yaşayır. Xarici qulaq yolu iltihabları, qulaq pərdəsi yırtıqları, orta qulaq sümüklərinin kirəclənməsi, orta qulaq törəmələri, meningit, beyin travmaları, beyin şişləri, uzun müddət yüksək səs travmalarına məruz qalmaq böyüklərdə eşitmə itkisinə səbəb ola bilər.
- Koxlear implantasiya əməliyyatı nədir və hansı hallarda tətbiq olunur?
- Koxlear implantasiya əməliyyatı irəli dərəcədə və ikitərəfli eşitmə itkisi olan pasiyentlərə icra edilir. Koxlear implant xarici və daxili olmaqla iki hissədən ibarət olan cihaz növüdür. Xarici hissə mexaniki səs enerjisini elektrik enerjisinə çevirir və əməliyyatla yerləşdirilən daxili hissəyə, oradan daxili qulağa və ya koxleara ötürərək eşitməni təmin edir.
Koxlear implantasiya əməliyyatı anadangəlmə eşitmə itkisi olduğu halda uşaqlarda beş yaşına kimi tətbiq edilir. Beş yaşından yuxarı isə danışa bilən, lakin eşitməsini sonradan hər hansı səbəbdən itirən uşaqlarda icra edilir. Böyüklərdə isə göstərişlər fərqli olur. Nitqi normal olub, ikitərəfli eşitmə itkisi yaşayan və eşitmə cihazlarından fayda görməyən şəxslərə koxlear implantasiya əməliyyatı icra edilir.
- Əməliyyatdan sonrakı dövrdə pasiyentlərin yeni həyata adaptasiya prosesi necə keçir? Reabilitasiya və dəstək xidmətləri mövcuddurmu?
- Eşitmə məhdudiyyəti olan şəxslərdə nitq məhdudiyyəti də müşahidə olunur. Əməliyyatdan sonrakı dövrdə eşitmə ilə yanaşı, nitq probleminin də aradan qaldırılması üçün reabilitasiya prosesinə ehtiyac duyulur. Əməliyyatdan bir ay sonra koxlear implant cihazının xarici parçası taxılır və xəstələrin reabilitasiyasına başlanılır. Böyük pasiyentlərdə nitq normal olduğu üçün tez bir zamanda bu cihaza adaptasiya olurlar. Uşaqlarda isə bu fərqli olur. Onlar həyatlarında ilk dəfə səs eşitdikləri üçün bu səsə adaptasiya müddəti və nitqin formalaşma müddəti bir neçə il çəkir. Uşaq pasiyentlər nə qədər erkən yaşda, təqribən bir yaşda, əməliyyat olunarsa, bu müddət daha da qısalır və uşaq normal danışır, sosial həyata qatılır, bağça və məktəbə gedir. Qeyd edim ki, icbari tibbi sığorta tərəfindən əməliyyat olunan şəxslərin eşitməsinin və nitqinin bərpası, cəmiyyətə adaptasiya olması üçün loqoped, psixoloq xidməti göstərilir. Loqoped xidməti sayəsində uşaqların eşitmə qavrayışı, nitqi, kommunikativ ünsiyyət qurma bacarığı inkişaf etdirilir. Psixoloq isə azyaşlının təfəkkürünün və qavramasının inkişafı, davranış pozğunluğunun aradan qaldırılması yönündə yardım edir.
- Esmira xanım, eşitmə itkisinin bərpası üçün icbari tibbi sığorta hesabına aparılan müayinə və müalicə proseduruna nələr daxildir?
- Eşitmə itkisinin bərpası üçün aparılan müayinə və müalicə prosedurlarına həkim müayinəsi, diaqnozun təyini üçün lazım olan müayinə metodları, cərrahi əməliyyat, koxlear implant cihazı və digər tibbi sərflər, eləcə də əməliyyat sonrası reabilitasiya və loqoped xidmətləri daxildir. Diaqnozun təyini məqsədilə Bera test, KT, MRT və audiometriya müayinələri aparılır. Anadangəlmə ağır dərəcəli eşitmə azlığı Bera testinin nəticəsi ilə, sonradan yaranmış ağır dərəcəli eşitmə azlığı isə audiometriya müayinəsi ilə təsdiq edilir.
Sadalanan müayinə metodları, həmçinin əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, müasir tələblərə uyğun olan eşitmə cihazı, koxlear implant sistemi, yəni daxili cihaz və nitq prosessoru (xarici cihaz) icbari tibbi sığorta hesabına qarşılanır. Əməliyyatdan sonrakı 12 aylıq dövrdə üç dəfə cihazda səsin tənzimlənməsi və reabilitasiya dövründə lazım olan 36 seans loqoped, 36 seans psixoloq xidməti də icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb.
- Bütün vətəndaşlar bu əməliyyatdan icbari tibbi sığorta hesabına yararlana bilərlər, yoxsa hər hansı say limiti var?
- Koxlear implantasiya əməliyyatları vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənişsiz təqdim olunur. 2023-cü ilin avqust ayına kimi bu xidmətə sığorta limiti var idi, il ərzində 300 nəfərə koxlear implantasiya əməliyyatı icra edilirdi. Artıq say limiti aradan qaldırılıb. Hazırda ehtiyac yaranan hər kəs bu tibbi xidmətdən yararlana bilər.
Qeyd edim ki, koxlear implantasiya əməliyyatının həyata keçirilməsi üçün müəyyən tibbi meyarlar və yaş həddi mövcuddur. Anadangəlmə ağır dərəcəli eşitmə azlığı olan və nitq qabiliyyəti olmayan vətəndaşların yaş limiti beş yaşdır. Yəni bu yaşa kimi əməliyyat olunmalıdırlar. Sonradan yaranmış ağır dərəcəli eşitmə azlığı olan vətəndaşlar üçün isə bu yaş limiti 40 idi. Xidmətlər Zərfinə edilən dəyişikliklərdən sonra bu yaş həddi 65 yaşa qaldırılıb.
Sözügedən dəyişikliklər eşitmə azlığından əziyyət çəkən daha çox vətəndaşın icbari tibbi sığorta hesabına sağlamlığına qovuşmasına imkan verir.
- İcbari tibbi sığorta hesabına ötən il nə qədər vətəndaş koxlear implantasiya əməliyyatı olunub?
- 2024-cü il ərzində icbari tibbi sığorta hesabına 126 vətəndaşa koxlear implantasiya əməliyyatı icra olunub. İcbari tibbi sığorta ilə icra olunan koxlear implantasiya əməliyyatları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləsi olan özəl tibb müəssisələrində həyata keçirilir.
- Bu xidmətdən istifadə etmək üçün vətəndaş hara müraciət etməlidir?
- Vətəndaşlar koxlear implantasiya əməliyyatı xidmətindən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinin tabeliyində olan müvafiq elmi-tədqiqat institutlarına müraciət edə bilər. Burada ixtisaslı həkimin təyin etdiyi müvafiq müayinələrdən keçərək, diaqnozun dəqiqləşdirilməsi prosesi həyata keçirilir. Əməliyyat isə agentliyin müqaviləsi olan özəl tibb müəssisələrində göndərişlə icra olunur.